Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 08:57
ABŞ hökuməti Hind-Sakit okean regionunda Tayvanla bağlı münaqişənin böyük qlobal iqtisadi şoka səbəb olacağı barədə Avropaya xəbərdarlıq edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "Financial Times" qəzeti Ağ Evdəki yüksək qaynaqlara güvənərək məlumat yayıb.
Dövlət Departamenti tərəfdaşları və müttəfiqlərinə "Çinin Tayvanı blokadasının 2,5 trilyon dollar iqtisadi ziyana səbəb olacağı" ilə bağlı araşdırmaların nəticəsini açıqlayıb. Həmin məlumatlar "Rhodium Group" tədqiqat şirkətinin hesabatına əsaslanır.
Rəsmi Vaşinqton Tayvana qarşı hər hansı hərbi müdaxilə olacağı təqdirdə Çinə qarşı olası ssenariləri Avropa Komissiyasına və Avropanın bütün hökumət rəsmilərinə çatdırıb. ABŞ həmin hesabatdan Avropa ölkələrinə Tayvandakı münaqişənin onlar üçün ciddi nəticələr verəcəyini vurğulamaq üçün istifadə edir.
Bunun üçün ABŞ və Avropa Birliyi Tayvanla bağlı potensial münaqişəyə necə hazırlaşmaq barədə danışıqlara başlayıb. Bəzi analitiklər hesab edir ki, fövqəladə hallar planlarının hazırlanması və ictimaiyyətə açıqlanması Çini nəzarət altına almaq strategiyasının bir hissəsi ola bilər.
Dövlət Departamenti hesabatı şərh etməkdən imtina edib. ABŞ rəsmisi "Vaşinqton "Tayvan boğazında sülh və sabitlikdə maraqlıdır" deməklə kifayətlənib.
Siyasi təhlilçilərə görə, hesabatın yüksək səviyyədə yayılması əslində vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir. Onlar Rusiyanın Ukraynada işğal planları ilə bağlı müharibədən öncə bənzər sənədlərin ortaya çıxdığını xatırladıblar. Həmin vaxt bəzi Avropa paytaxtları işğal fikrini rədd edirdi. "Biz Ukraynadan ciddi ibrət aldıq" deyə ABŞ rəsmisi qəzetə müsahibəsində söyləyib.