Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2019 22:32
"Zirə"nin futbolçusu Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə matçdan (1:1) suallarını cavablandırıb. Qol.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi əvvəlcə oyunu şərh edib.
- Çətin olacağını bilirdik. Heç-heçə etdik, amma üç xal qazanmaq istəyirdik. İstəyimizə nail olmadıq. Qarşıdakı oyunlara baxmalıyıq. Bu matç bitib, geri qaytarılası nəsə yoxdur.
- Zəifləmiş “Qəbələ” ilə heç-heçə etmək sizin üçün nə deməkdir?
- Çempionatın əvvəlindəki “Qəbələ” ilə indikində çox fərq var. Yaxşı və aqressiv oynayırlar. “Qəbələ”də futbol oynamağı bacaran uşaqlar var. Bizə üç xal lazım idi, amma bacarmadıq.
- “Zirə”nin oyunu nə vaxt stabilləşəcək?
- Bunu klub rəhbərliyi, məşqçilər və futbolçular da istəyir. Məşqlərdə çalışırıq. İnanıram ki, bunu bacararıq.
- İlk dövrə başa çatdı və liderdən xeyli geridəsiniz. “Zirə”nin məqsədi nədir?
- Məqsədimiz Avropaya yollanmaqdır. Bunun da fərqinə varırıq. Hansı yolla olursa- olsun, bunu bacarmalıyıq. Hər kəs başa düşür ki, “Zirə” avrokuboklarında oynamalıdır.
- “Zirə”nin potensialı Avropaya getməyə imkan verir?
- Bacarıqlı oyunçularımız var. Milli üzvləri olanlar, başqa yerlərdə oynayanlar komandamızdadır. Kollektiv olaraq zaman lazımdır. Bu, futboldur. Daha da təkmilləşdirməliyik. Yeni yığılan komandayıq. Bunu fikirləşmək lazımdır.
- “Zirə”nin nə qədər vaxta ehtiyacı var?
- Bunun üçün konkret nəsə demək olmur. Kağız üzərində bizi favorit qismində görürlər. Futbolda hər şey olur. Bütün komandalar oynaya bilir, müdafiə olunmağı bacarır. Ardıcıl iki qələbə qazansaq, uğurlu zolağa düşə bilərik. Belə halda futbolçulara da inam gəlir, qələbə qazanmaq istəyir.
- “Qəbələ”nin 33 yaşlı futbolçusu Asif Məmmədov 90 dəqiqə meydanda dinc durmadı, dayanmadan qaçdı. Demək olar, həmyaşıdsınız. Öz oyunundan razısan?
- Cavan yaşlarımda da öz barəmdə müsbət rəylər verməmişəm. Kənardan baxanlar, məşqçilər nəsə deyə bilər. Komandaya xeyrim dəyirsə, baş məşqçi bunu görürsə, hər şey mənim üçün yaxşıdır. Cavan deyiləm ki, yaxşı oyun göstərib, başqa kluba keçməyə can atım. Komanda üçün nəsə etməliyəm.