Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2019 16:00
Bakı. Trend:
2019-cu il 30 sentyabr – 9 oktyabr tarixlərində Cenevrə şəhərində keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyətinin üzvləri ÜƏMT-nin struktur təsisatlarında ölkəmizin əqli mülkiyyət sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müxtəlif görüş və müzakirələr keçiriblər.
Əqli Mülkiyyət Agentliyindən Trend-ə verilən məlumata görə, bu müstəvidə Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Əlçatan Kitablar Konsorsiumu-ƏKK (Accessible Books Consortium) Katibliyinin əməkdaşı Pərviz Emomov ilə görüşüb.
O, həmsöhbətini ölkəmizdə əqli mülkiyyət sahəsində həyata keçirilən struktur islahatların mahiyyəti ilə tanış etmiş, o cümlədən Respublika Elmi-Texniki Kitabxanasının Agentliyin idarəçiliyinə verilməsini bildirmişdir. S.Tapdıqov nadir nüsxələri də ehtiva edən kitabxananın fondu, onun müasir dövrün tələblərinə cavab verməsi, o cümlədən fondun rəqəmsallaşdırılması istiqamətində aparılan işlər barədə də məlumat vermiş və qeyd etmişdir ki, ƏKK ilə əməkdaşlığın qurulması Agentlik üçün xüsusi əhəmiyyət kəsb edir.
Öz növbəsində, son illər ƏKK-nun inkişaf etdiyini diqqətə çatdıran P.Emomov, konsorsium tərəfindən kor və digər görmə əlilliyi olan şəxslərə xidmət edən kitabxanaların Beynəlxalq Kitab Xidmətinin yaradıldığını və Azərbaycanın da belə kitabxanalar ilə əmakdaşlıq etmək istəyini müsbət dəyərləndirmişdir. P.Emomovun sözlərinə görə, ödənişsiz əsaslarla fəaliyyət göstərən bu xidmətin fondu 76 dildə 544.000-dən çox adda kitabı rəqəmsal əlçatan formatda birləşdirır.
Görüşdə ƏKK ilə Agentlik arasında tərəfdaşlıq imkanları müzakirə edilib, onların əməli nəticə ilə yekunlaşacağına inam bildirilib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan ÜƏMT-nın idarəçiliyində olan “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulub. Müqavilə ilə nəzərdə tutulmuş yeni hüquqi çərçivə kor və digər görmə əlilliyi olan şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə beynəlxalq səviyyədə təminat verir, bu kateqoriyadan olan insanların cəmiyyətə daha sıx inteqrasiya edilməsinə və onların potensialından istifadənin səmərəsinin artırılmasına kömək etməsi nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin