Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÖLÜM saçan TURŞULAR VƏ MÜRƏBBƏLƏR

ÖLÜM saçan TURŞULAR VƏ MÜRƏBBƏLƏR

Tarix: 1 Dekabr 2022 22:03

Ev konservləri (müxtəlif turşular, salatlar, mürəbbələr, kompotlar) bizi botulizm xəstəliyinə yoluxdura bilər. Bu çox ağır və olduqca təhlükəli xəstəlikdir.

Botulizmi törədən bakteriya Clostridium botulinum adlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bu bakteriyalar tərəfindən hazırlanan "botulotoksin"  dünyada ən güclü bioloji zəhərlərdən biri sayılır. Bu zəhər oksigen olmayan yerlərdə Clostridium botulinum bakteriyası tərəfindən ifraz olunur.

Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Torpaqdan bu bakteriyalar tərəvəzlərə və meyvələrə  düşür. Hətta çox təmiz yuyulan meyvə və tərəvəzlərin üzərində bakteriyanın mikroskopik sporları qala bilər. Ev şəraitində hazırlanan müxtəlif turşular, kompotlar, mürəbbələr və s. adətən kip şəkildə bağlanılır və oksigen bankalara daxil olmur. Nəticədə botulotoksinin ifrazı üçün ən əlverişli şərait yaranır.

Nəzərə almaq lazımdır ki, sporlar ev şəraitində sterilizasiyadan "qorxmur" və hətta 1 saat sterilizasiyadan sonra məhsulda sağ qalır. Clostridium botulinum bakteriyanın sporlarını yalnız meyvə və tərəvəz konservlərini istehsal edən zavodlar şəraitində xüsusi sterilizasiya avadanlıqda zərərsizləşdirmək mümkündür.

Botulotoksin insan orqanizminə düşdükdə tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Konservləşdirilmiş qidanın qəbulundan təxminən 10-12 saat sonra xəstədə ağızda quruluq, görmənin pozulması (ikili, bulanıq görmə), mədədə ağırlıq hissi, urəkbulanması, qusma, ishal kimi simptomlar meydana çıxır. Daha sonra insanda göz qapaqların aşağı enməsi (insan gözlərini aça bilmir), səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksinin pozulması (insan əvvəl bərk, sonra isə yumşaq qidanı, daha sonra suyu uda bilmir), nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəiflənməsi, yerişin pozulması və s. ağır simptomlar inkişaf edir. Bu zaman xəstəyə lazım olan tibbi yardım göstərilməzsə, tənəffüsdə iştirak edən əzələlər iflic olur və insan boğulmadan ölür.

Bu səbəbdən sadaladığımız simptomları (və onların hər hansılarını) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edin və ya "təcili yardım" çağırın. Nəzərinizə çatdıraq ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər. Xəstəyə xüsusi zərdab yeridilir.

Təəssüf ki, botulotoksin olan bankanı aşkar etmək mümkün deyil. Bankanın xarici görünüşü adi ola bilər - bankanın qapağı qalxmayıb, mayesi bulanıq deyil və s., məhsulun dadı və iyi də dəyişilmir.

Həkimlər xəbərdarlıq edir ki, hətta ən təmiz şəraitdə hazırlamış ev konservlərində botulotoksin ola bilər. Bazarlarda və s. yerlərdə satılan, mənşəyi bilinməyən "ev"  turşuları, leçoları, mürəbbələri və s. xüsusilə təhlükəlidir.

Göbələk konservləri, leçolar, müxtəlif tərəvəz salatlar botulizmə görə ən təhlükəli məhsullar sayılır.

Botulizm nadir xəstəlikdir. Lakin heç bir insan bu ölümcül xəstəlikdən sığortalanmayıb. Bu səbəbdən xəstəliyin simptomlarını bilmək çox vacibdir.


Etiketlər:  ÖLÜM saçan TURŞULAR MÜRƏBBƏLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ