Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 05:25
"Tamaşaçıya fonoqram mahnılar çox təqdim edirik. Fonoqram mahnını tamaşaçı həmin effektlərlə eşidir və qəbul edir. Qulağı ona öyrəşir. Həmin mahnını canlı eşidəndə o zövqü, dinamikanı, enerjini ala bilmir. Bunun günahı da biz musiqiçilərdə, müğənnilərdədir. Biz canlı musiqi təqdim etməliyik ki, dinləyicimiz də bundan zövq almağı öyrənsin. Canlı ifa daha dəyərli və qiymətlidir".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. O daha sonra əlavə edib.
"Musiqimizin bu günki vəziyyəti məni də tam qane etmir. Amma təsəllim odur ki, bu keçici haldır. Zamanla düzələcək. Azərbaycanın bir musiqi kökü var. Özümüzəməxsus ladlarımız var, onlardan qaçmaq mümkün deyil. İnsan nəinki musiqi kökünü, öz kökünü də, keçmişini də unutmamalıdır. Unutmadığın zaman hər vaxt irəlidə olacaqsan. İfaçının xoşbəxtliyi bilirsiniz nədədir? Biz bu gün də əksər hallarda korifeylərimizin, həyatda olan sənətkarlarımızın oxuduğu mahnıları ifa edirik. Mahnı o zaman tarixə düşür ki, səndən sonra da o mahnını oxusunlar. Bu gün mənə də müraciət edib, mahnılarımı oxumaq istədiklərini bildirirlər. Sevə-sevə təqdim etmişəm. Mahnı oxunduqca o mahnını ilk ifa edən sənətkarlar da yaşayır. Bütün ifaçılara, sənət yoldaşlarıma tamaşaçı kimi qulaq asıb, qiymət verirəm. Mənim üçün o şəxsin kimliyi önəmli deyil. Önəmli olan sənətinin olub, olmamağıdır. Çox xoşbəxtəm ki, məhz belə bir insanam, belə ürəyə sahibəm" deyə müğənni bildirib.
Gülüstan Əliyeva xasiyyətindən də danışıb.
"Səbirsiz və emosional insanam. Amma son illər özümdə insanlara qarşı böyük səbr görmüşəm. Bu yəqin ki, təcrübə ilə, yaş ilə yaranır" deyə müğənni bildirib.
Əməkdar artist sənət qısqanclıqlarından da danışıb.
"Sənətdə böyük qısqanclıqlarla üzləşmişəm. Çıxışlarıma mane olurdular. Teatrdakı fəaliyyətim dövründə bu daha çox gözə çarpırdı. Qastrol səfərlərində yollarımı bağlamaq istəyirdilər. Hadisənin içində olanda adam o şeyləri dərindən hiss etmir. O hadisələrdən səni illər ayıranda öz-özünə düşünürsən ki, mən nələr görmüşəm, nələrdən keçmişəm?! Teatrdakı fəaliyyətimə nəzər salanda deyirəm ki, nə yaxşı ki, mən o hadisələrdən kənarda qalmışam. O qazanda nələrin qaynadığını bilməmişəm. Bunları bilsəydim bəlkə də mən teatrımızın aparıcı solisti olmazdım. Baxmayaraq ki, bu cür hadisələrlə qarşılaşmışam, amma teatr rəhbərliyinin hər zaman dəstəyini görmüşəm" deyə sənətkar bildirib.