Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2022 23:36
Dünyada tibb elmi durmadan inkişaf edir. Bununla yanaşı, bizim üçün çox qəribə görünən müalicə metodları da qalır.
1. Mətbəx baltası - çapacaqla müalicə
Son illərə qədər Çin və Tayvanda bu gün hamımızın evində istifadə etdiyi ət doğradığımız mətbəx baltası - çapacaqla müalicə geniş yayılmışdı. Nə qədər qəribə də olsa, iti kəsici imkanları olan bu çapacaqlardan masaj məqsədilə istifadə ediblər. Çapacağı bədənə yumşaq toxundurmaqla onu irəli-geri hərəkət etdiriblər. Bu qəribə masaj növü əsasən insanın bel, baş əl-ayaq nahiyələrində tətbiq edilirdi. Müalicəvi funksiyası isə qanın bədəndə normal axınını təmin etmək, bədənin bir nöqtəsində ilişib qalan enerjini bütün bədən boyunca hərəkət etdirməkdən ibarət olub. Çapacaqla masajın ən önəmli cəhəti bədəndə yatan enerjini oyatmaq və insanda aktivliyi bərpa etməkdir. Bu üsul Çinin bəzi yerlərində indi də tətbiq edilir.
2. Qırmancla müalicə
Bu müalicə üsulu qədim dövrə yox, XXI əsrin Rusiyasına aiddir. Sibirdə psixoloji klinikada tətbiq edilir. Əsasən narkotikdən, alkoqollu içkilərdən istifadə edənləri və cinsi əlaqə aludəçilərini müalicə etmək üçün tətbiq olunur. Bu qəribə müalicə üsulu qırmanclama vasitəsilə həyata keçirilir. Arxası üstə uzanan, içki, narkotik aludəçiliyindən əziyyət çəkən pasiyent qırmanclanır. Üsulu ilk dəfə sınaqdan keçirən rus psixoloqlarının fikrincə, qırmanc zərbələri bədənin narkotik və spirtli içkiyə tələbatını azaldır. Müəyyən müalicə kursundan sonra həmin tələbatlar sıfıra yaxınlaşır. Onu da qeyd edək ki, bu, at qırmancı deyil, o qədər də çox ağrı verməyən materialdan xüsusi üsulla hazırlanır. Deyilənlərə görə, sadalanan xəstəlikləri başqa yerdə müalicə edə bilməyənlər burada müsbət nəticə əldə ediblər.
3. Kartof qabığı ilə müalicə
Yanıq yeri uzun müddət kartof qabıqları ilə müalicə edilib. Bunun ilk səbəbi təbii ki, daha ucuz vasitə olması idi. Amma həqiqətən də yanıqların sağalmasında kartof qabığının xeyri çox olub. O, nəmi uzun müddət tərkibində saxladığı üçün yanıqdakı göynərtini azaldıb. Həm də kartof qabığının tərkibində olan xüsusi kimyəvi maddələr dəridəki duzluluğu aradan qaldırdığı üçün yaranın sakitləşməsi və daha tez sağalmasına səbəb olub.
4. "Özünü yandırmaqla" müalicə
Bu üsul da ilk dəfə Çində tətbiq edilib. Çində mikrobdan əziyyət çəkəm Jui Binti adlı gənc maddi imkansızlıq səbəbindən müalicə oluna bilməyib. Əlacı hər yerdən kəsilən gənc qəribə bir müalicə üsuluna əl atıb. Çünki həkimlərdən qanındakı mikrobların ancaq yüksək temperatur nəticəsində məhv olacağını eşidib. Odur ki, yüngül ocaq qalayaraq yarım metr hündürlüyündə iki qalın ağac parçasını həmin ocağın üzərinə qoyub. Sonra arxası üstə ağacların üzərinə uzanıb. 25 yaşlı gənc bu addımı ilə çoxlarının diqqətini özünə çəkə bilib.
5. Beyni yarmaqla müalicə
Beyindəki miqren ağrılarını, yüksək beyindaxili təzyiqin əzablarından qurtulmaqdan ötrü nəinki Şərq, eləcə də orta əsrlər Avropasının özündə də beyində dəliklər açaraq bu ağrıların azalmasına inanıblar. Deyilənlərə görə, bu üsul tibbi və elmi cəhətdən inkişaf etməyən bir çox ucqar yerlərdə hələ də qalmaqdadır. Onlar bununla ağrıların beyindən çıxacağına inanırlar.
6. Yumurta ilə müalicə
Bu üsul da uzun müddət qədim Çində tətbiq edilib. Çinin bəzi yerlərində indi də qalmaqdadır. Bədəndə gedən çürümənin qarşısını almaq üçün az qaynadılan yumurtanın qabıqlarını əzib 30 dəqiqə bədənin çürüyən hissəsində saxlayırlar.
7. Kirli corablarla müalicə
Bu üsul XX əsrə qədər Avropada da tətbiq olunurdu. Müalicəvi tərkibi bilinməsə də, hər halda insanlar bunu tətbiq edirdilər. Boğaz ağrısından əziyyət çəkən xəstənin boğazına axşam yatarkən kirli və iyli corablar bağlayarmışlar. İnsanlar nədənsə inanırdılar ki, həmin kirli corablar onların boğazlarını müalicə edəcək. Təbii ki, bu o qədər də normal qarşılanmır. Amma kirli corabın boğaza bağlanmasının yeganə müsbət tərəfi nəfəs almada ritmi bərpa etməkdir. Sürətli nəfəsalma pis qoxuların təsiri ilə nisbətən zəifləyir. Yəqin ki, boğazda qıcıqlanma yaradan həmin sürətli nəfəslərin zəifləməsini insanlar boğazın sağalması hesab edib.
8. İlanlarla müalicə
Bu üsul İsrailin bir elmi tədqiqat institutunda aparılıb. Burada revmatizmi məhz diri ilanların vasitəsilə müalicə ediblər. Tədqiqatın nəticələri mərkəz tərəfindən gizli saxlanılıb. Lakin alimlər israrla bu müalicənin ev şəraitində aparılmamasını tövsiyə ediblər.
9. Çiy tütünlə müalicə
Çiy tütün uzun müddət qulaq ağrılarının ən yaxşı dərmanı hesab edilib. Sarsıdıcı qulaq ağrısından əziyyət çəkən adamın qulağına tütünü topa halında qoyaraq bağlayıblar. Tütün ağrıları keyidirmiş.
10. Şokoladla sarımsağı qarışdırmaqla müalicə
Bu sintez yəqin ki, bir çoxlarına qəribə gəlir. Bir tərəfdə şirin şokolad, digər tərəfdə isə acı sarımsaq. Amma insanlar yaddaş zəifliyini aradan qaldırmaq, hafizəni möhkəmləndirmək üçün bu qarışıqdan istifadə ediblər.