Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 14:44
Bakı. Trend:
Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də ucqar kəndlərdə yaşayan gənclər üçün Gənclər Fondu tərəfindən “Səyyar Gənclər Xidməti” layihəsinə başlanılıb.
Layihənin məqsədi gənclər evləri, gənclərin inkişaf və karyera mərkəzləri və digər sosial-xidmət müəssisələrinə gələ bilməyən gənclərə dövlət tərəfindən yaradılan imkan və xidmətləri yaxın etməkdən ibarətdir. Belə ki, peşəkar təlimçi, gənc həkim, müəllim, psixoloq və bloqerlərdən ibarət qrup ucqar kəndlərə səyahət edərək, orada yerli gənclər üçün gün ərzində müxtəlif tədbir keçirir, xidmətlər göstərirlər.
Gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, onların daim dövlət qayğısı ilə əhatə olunması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələ və həyata keçirdiyi dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu gün dövlət başçısının təşəbbüsü ilə istər məşğulluq və sahibkarlıq, istər təhsil və təcrübə, istərsə də beynəlxalq təmsilçilik sahələrdə gənclərə yönəlik xüsusi proqramlar həyata keçirilir, onların fərdi inkişafı, əlavə bilik və səriştələrə yiyələnmələri üçün əməli tədbirlər görülür. “Səyyar Gənclər Xidməti” cənab Prezidentin bu istiqamətdə yaratdığı imkanların ucqar kəndlərdə yaşayan gənclərə təqdimatı və icrasına yönəlmiş növbəti layihə kimi çıxış edir.
“Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti ilə bağlı maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil edilir.
Kitab sərgisi, müxtəlif mövzularda təlimlər, intelektual və idman yarışları, şəxsi inkişaf ilə bağlı sessiyalar keçirilir, dövlət tərəfindən gənclər üçün mövcud xidmət və imkanlar, xüsusilə də ölkə daxilində və xaricdə təhsil, məşğulluq, sahibkarlıq və könüllülük fəaliyyətləri barədə təqdimatlar nümayiş olunur.
Səfər zamanı gənclər könüllülük, ixtisas seçimi, xarici dil, ünsiyyət, natiqlik və digər mövzularda qrup təlimləri keçirilir. Bununla yanaşı, həkimlər tərəfindən gənclərin tibbi müayinədən keçirilməsi təşkil edilir.
Layihənin əyləncəli hissəsində gənclərə öz istedadlarını nümayiş etdirmək üçün meydan verilib, fərqlənən gənclər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Layihənin ilkin mərhələsində Qazax, Şəmkir və Biləsuvar rayonlarında, ümumilikdə, 16 kəndə səfər edilməsi və 2000-dən artıq gəncin əhatə olunması planlaşdırılır.
Bu günə qədər Qazax rayon Daş Salahlı, Çaylı, Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndləri, Şəmkir rayonunun Yuxarı Seyfəli, Aşağı Seyfəli, Ağlavaşlı, Təzəkənd və Düyərli kəndləri, Biləsuvar rayonunun isə Xırmandalı, Ağalıkənd, İsmətli və Bağbanlar kəndlərində səfərlər keçirilib.
Qeyd edək ki, “Səyyar Gənclər xidməti” hazırda Biləsuvar rayonunda təlimləri davam etdirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin