Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdə monitorinqi növbəti dəfə baş tutmayıb

Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdə monitorinqi növbəti dəfə baş tutmayıb

Tarix: 11 Dekabr 2022 09:57

"Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

"Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanırdılar.

Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyətimiz üçün şərait yaradılmamışdır", - M.Məmmədov vurğulayıb.

O qeyd edib ki, onların getdikləri ikinci obyektin giriş qapısında da böyük bir kütlə toplaşmışdır: "Biz baxanda gördük ki, eyni şəxslər həmin obyektlərdən başqa, bizim hərəkət etdiyimiz istiqamətdə də yolu kəsmişdilər. Rusiya sülhməramlı qüvvələrin nümayəndələri, rəhbərlik, komandanlıq onlarla danışıq aparmalarına baxmayaraq, nəticə əldə edilmədi. Hesab edirik ki, bu, iki tərəflin təşkil etdiyi təxribatdır".

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.


Etiketlər:  Azərbaycanın Rusiya sülhməramlılarının olduğu ərazilərdə monitorinqi növbəti dəfə baş tutmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ