Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 21:12
Bakı. Trend:
Cari ilin 4-5 oktyabr tarixlərində “Cybernet” MMC-nin nümayəndələri – şirkətin baş direktoru İlham Namazov və biznesin inkişafı üzrə direktoru Fuad Əhmədov Özbəkistanın paytaxtı Daşkənd şəhərinə təşkil edilmiş işgüzar səfərdə olmuşlar.
“Cybernet” MMC-dən Trend-ə verilən məlumata görə, başlıca məqsədi Daşkənd şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Biznes Forumunda iştirak etmək olan səfər çərçivəsində “Cybernet” şirkətinin nümayəndələri həmçinin bir sıra ikitərəfli işgüzar görüşlər keçirib.
Bu cür görüşlərdən biri Özbəkistanın Dövlət Vergi Komitəsində baş tutub. Komitənin nəzdində fəaliyyət göstərən Yeni Texnologiyalar üzrə Analitik-İnformasiya Mərkəzinin təşəbbüsü ilə keçirilmiş görüşdə qarşı tərəfdən sözügedən mərkəzin direktoru Xayotjon Nasrullayev iştirak edib. Görüşdə Özbəkistanın vergi inzibatçılığı sisteminin təkmilləşdirilməsi sahəsində Azərbaycan tərəfi ilə təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səfər ərzində “Cybernet” şirkətinin nümayəndələri Özbəkistan Respublikasının Prezidenti yanında Layihə Menecmenti üzrə Milli Agentliyində də görüşlər keçirib. Agentliyin direktor müavini Davron Maqsudov, agentliyin nəzdində fəaliyyət göstərən Elektron Hökumət və Rəqəmsal İqtisadiyyat üzrə Layihə İdarəedilməsi direktoru Şoxrasul Şoxazamiy, eləcə də Özbəkistanın Dövlət və Özəl Sektorun Tərəfdaşlığının İnkişafı Agentliyinin rəhbərliyi ilə keçirilmiş görüşlər nəticəsində qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq edilməsinə dair anlaşma əldə edilib.
Dövlət-özəl sektoru tərəfdaşlığı ilə bağlı irihəcmli əcnəbi investisiyaların cəlb edilməsi ilə əlaqədar daha bir görüş Özbəkistanın Maliyyə Nazirliyi yanında Dövlət-Özəl Partnyorluğu Agentliyində dövlət-özəl sektor tərəfdaşlığı üzrə müşaviri vəzifəsində çalışan Erk Özbelge və nazirliyin Məlumat-Hesablama Mərkəzinin direktoru Uluqbek Daulanov ilə keçirilib. Azərbaycanlı nümayəndələr həmçinin Özbəkistan Mərkəzi Bankında və bu ölkənin İnformasiya Texnologiyaları Parkında da görüşlərə qatılıblar.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Daşkənd şəhərində keçirilmiş Biznes Forumunda Azərbaycan və Özbəkistanla yanaşı, Türkiyə, Qazaxstan, Qırğızıstan, Türkmənistan və Macarıstandan olan sahibkarlar və iş adamları da iştirak edib.
“Cybernet” MMC haqqında:
2004-cü ildə yaradılmış “Cybernet” MMC Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl həll təminatçılarından biridir. Şirkət dövlət qurumları və özəl müəssisələr üçün IT infrastrukturların yaradılması, texnoloji həll və yeniliklərin tətbiqi, istənilən mürəkkəblik səviyyəsinə malik proqram təminatının yazılması istiqamətlərində fəaliyyət göstərir. Cybernet şirkəti Azərbaycanda dövlət xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərin yaradılmasında böyük rol oynamışdır. Şirkət 2007-ci ildə “İntellekt” mükafatı, 2010-cu ildə yubiley medalı ilə təltif olunmuş, 2013-cü ildə “İlin İT şirkəti” seçilmişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin