Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cərəyanvurma və ildırımvurma zamanı İLK YARDIM

Cərəyanvurma və ildırımvurma zamanı İLK YARDIM

Tarix: 17 Dekabr 2022 20:18

Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onlarla ehtiyatsız və şıltaq hərəkətləri nəticəsində baş verir.

Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bilər.

Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir.

Saglamolun.az bildirir ki, elektrik cərəyanının təsiri nəticəsində əzələlərin güclü şəkildə sıxılması (spazm) baş verir ki, insan cərəyan mənbəyindən əlini çəkə bilmir, sanki ona "yapışır". Həmçinin səs tellərinin sıxılması nəticəsində insan qışqıra, köməyə çağıra bilmir. Belə vəziyyətdə ilk yardım göstərəndə əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə "əlaqəsini" kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir.

Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki "rubilnik"i söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə ("şvabra") kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya "şvabra" ilə kənara itələmək lazımdır (bax, şəkilə).

Hadisədən nə qədər çox qorxsanız da zərərçəkənə yardım etmək üçün əliyalın qaçmayın - bu halda siz ona kömək edə bilmərsiniz, həmçinin özünüz də travma ala bilərsiniz! Zərərçəkəni elektrik xəttindən ayırmaq üçün metal əşyalardan, məftildən, nəm dəsmaldan istifadə etmək olmaz - onların hamısı cərəyan keçirəndirlər!

Yadda saxlayın ki, zərərçəkən elektrik xəttindən ayrılmayana qədər elektrik cərəyanının keçiricisi hesab olunur. Buna görə də özünüzün də zərər çəkməməyiniz üçün onun bədəninin açıq yerlərinə toxunmayın!

Zərərçəkəni cərəyan mənbəyi ilə təmasdan azad etdikdən sonra dərhal "təcili yardım" çağırın. Əgər zərərçəkənin huşu özündə olarsa və o, heç nədən şikayət etməsə də, yadda saxlamaq lazımdır ki, elektrik cərəyanının orqanizmə təsiri dərhal deyil, bir müddət keçdikdən sonra özünü göstərə bilər. Ona görə də zərərçəkən mütləq təcili şəkildə həkim tərəfindən müayinə edilməli və onun hazırda xəstəxanada müalicə almasına ehtiyac olub-olmaması müəyyən edilməlidir.

"Təcili yardım" xidməti gələnə qədər zərərçəkənin sıxıcı paltarlarını çıxarın, uzandırın (başı yana olmalıdır ki, qusma baş verdikdə xəstə boğulmasın!), üstünü isti örtün, içməyə isti çay verin.

Zərərçəkən huşsuz vəziyyətdə olarsa, onun nəfəs alıb-almadığını, onun ürəyinin döyünüb-döyünmədiyini yoxlayın. Bir çox hallarda güclü elektrotravmadan sonra həyat əlamətlərini aşkar etmək çox çətin olur. Ancaq əksər hallarda bu dəyişikliklər geriyədönən proses olur. Buna görə yanınızdakı şəxsə "təcili yardım" çağırmasını tapşıraraq özünüz dərhal zərərçəkənə ilk tibbi yardım göstərməyə başlayın. Nəbz və tənəffüsün olmadığı halda, nəfəs gələnədək və ürək döyünməsi bərpa olunanadək və ya həkim gələnədək zərərçəkənə süni tənəffüs vermək və ürəyin qapalı masajını icra etmək lazımdır (saytımızda "Ürəyin xarici masajı" mövzusunu oxuyun).

İldırımvurma da elektrotravmalara aiddir. İldırım vurmasının xarakterik əlaməti, ildırım xətti üzrə dəridə şaxəli izin olmasıdır. Zədələnmə əksər hallarda huşun itirilməsi, ifliclər ilə müşayiət edilir və adətən, tədricən keçib gedir.

İldırımvurma zamanı ilk tibbi yardım adi elektrotravmada olduğu kimidir.

Qeyd etmək lazımdır ki, əhali arasında, elektrik cərəyanı və ya ildırımvurma zamanı zərərçəkənin bədənindən elektriki "çıxarmaq" üçün onu torpağa basdırmaq nəinki mənasızdır, həm də çox təhlükəlidir ki, bu zərərçəkənin ölməsinə səbəb ola bilər!

Milli.Az


Etiketlər:  Cərəyanvurma ildırımvurma zamanı İLK YARDIM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ