Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 14:00
İzmir. Elçin Mehdiyev – Trend:
SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən STAR Neft Emalı Zavodu 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb.
Trend-in məlumatına görə, bunu Star Neft Emalı Zavodunun (NEZ) Baş direktoru Mesut İlter mətbuat konfransında deyib.
M.İlter bildirib ki, ilk satışını 2019-cu ilin yanvarında həyata keçirən Star NEZ bu il sentyabrın sonlarından etibarən tam gücü ilə işləməyə başlayıb və indiyə qədər zavodda 4,5 milyon ton xam neft emal edilib. İlin sonuna kimi bu rəqəmin 8 milyon tona yüksəlməsi nəzərdə tutulur.
O bildirib ki, Star zavodu daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir: “Star NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir. İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. 100-dən artıq neft çeşidini emal etməyə qadir olan Star zavodunun gündəlik emal gücü 214 min barrel xam həcmindədir”.
M.İlter vurğulayıb ki, bazara, eyni zamanda dizel, təyyarə yanacağı, LPG, neft koksu kimi məhsullar çıxarılır: “Ötən aylarda “SOCAR Aviation” İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi uddu. Star NEZ-də istehsal olunan təyyarə yanacağının mühüm bir hissəsi İstanbul aeroportuna tədarük olunacaq. Star-ın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir".
Qeyd edilir ki, Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır. Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Lakin bazara Star NEZ-in 1,6 milyon tonluq istehsalı daxil olması sayəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacağı idxalına ehtiyac qalmayacağı ehtimal edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin