Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hesabat təqdim etməyən partiyaların qeydiyyatı niyə ləğv edilmir? - MSK səbəbini açıqladı

Hesabat təqdim etməyən partiyaların qeydiyyatı niyə ləğv edilmir? - MSK səbəbini açıqladı

Tarix: 11 Oktyabr 2019 14:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların qeydiyyatının ləğv edilməməsinin səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Ancaq bəzi partiyalar buna əməl etmirlər.

Bu məsələyə münasibət bildirən MSK sədri Məzahir Pənahov bildirib ki, illik maliyyə hesabatı verməyən siyasi partiyaların qeydiyyatının ləğv olunması məsələsi qaldırıla bilər.

Buna səlahiyyətlərinin də çatdığını deyən MSK sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlarla belə müzakirə aparıblar ki, bu kimi hallar siyasi partiyaların bağlanmasına səbəb olmasın. Çünki beynəlxalq aləmdə siyasi partiyanın fəaliyyətinin dayandırılması informasiyası neqativ qəbul olunur: "Onlara deyə bilməzsən ki, bu siyasi partiyaların nə rəhbəri, nə də ünvanı var. Onlar belə partiyanın olmasından xəbərsiz olsalar da, onun bağlanmasını normal qarşılamırlar. Düşünürlər ki, siyasi partiya necə ola bilər ki, fəaliyyətsiz olub və bağlanıb?! Hesabat verməyən siyasi partiyanın varlığı ilə yoxluğunun bizim üçün bir fərqi yoxdur. Amma Ədliyyə Nazirliyi qarşısında partiyanın qeydiyyatının ləğvi məsələsi qaldırılsa, hamı deyəcək ki, Azərbaycanda siyasi partiyanın qeydiyyatı ləğv edildi. Baxmırlar ki, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyən siyasi partiyalar 10-15 ildir ki, fəaliyyətsizdirlər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hesabat təqdim etməyən partiyaların qeydiyyatı niyə ləğv edilmir səbəbini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ