Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2023 08:42
Ermənistan parlamentinin sədri Alen Simonyan Qətərə üçgünlük səfərə gedib. Görüşlər sırasında Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Saninin Ermənistana səfər edəcəyi açıqlanıb.
Bununla bağlı "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində ötən ilin iyun ayında Ermənistanın Baş naziri Nikol Paşinyanın da Qətərə səfər edərək şeyxlə görüşdüyü xatırladılıb.
Bildirilib ki, Qətər Ermənistanla sıx əməkdaşlıq edən əsas ərəb dövlətlərindəndir:
"İrəvan Səudiyyə Ərəbistanı ilə illərdir diplomatik münasibətlər qurmağa çalışır, nəticə əldə edə bilmir. Ər-Riyad üçün Azərbaycanla strateji tərəfdaşlıq daha vacibdir. Qətərin də Azərbaycanla tərəfdaşlıq münasibətləri var, üstəgəl, Qətər Türkiyənin hərbi bazasının olduğu yeganə ərəb ölkəsidir. Buna rəğmən, Qətər Ermənistanla da sıx əlaqələrə üstünlük verir. İş o yerə çatıb ki, Qətər Ermənistanın Dohadakı səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz üzərinə götürüb. Bir başqa dövlətin Ermənistanın xeyrinə belə bir addım atması faktı yoxdur.
Qətərdə Livandakı qədər erməni yaşamır ki, Dohanın bu səbəbdən Ermənistanla sıx əlaqələr qurmağa marağı olsun. Ermənistanın iqtisadi potensialı da Qətəri cəlb edə bilməz. Görünür, Doha bu siyasəti ilə göstərmək istəyir ki, Qətər hamıya eyni gözlə baxmaq istəyir. Yəqin Qətərdə hesab edirlər ki, nə zamansa Azərbaycanın və Türkiyənin Ermənistanla münasibətləri normallaşacaq və Doha həmin tarixi gözləmədən İrəvanla yaxşı münasibətlər qurmalıdır. Ancaq Doha erməni diplomatlarının maaşlarını ödəyirsə, bu Ermənistanla yaxşı münasibətlərdən daha irəli getməkdir ki, Azərbaycanda Qətərlə bağlı suallar doğurmalıdır".