Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 13:06
Bakı. Trend:
Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirlərinin Bakıda keçirilən 7-ci iclası çərçivəsində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Syarto ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.
Macarıstanın Türk Şurasında müşahidəçi statusunun və bu yaxınlarda TDƏŞ-in Budapeştdə Nümayəndəliyinin açılmasının Macarıstanla türkdilli ölkələr arasında mövcud bağların daha da möhkəmləndirilməsinə xidmət edəcəyi qeyd olunub.
Sonra Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların cari vəziyyəti ilə bağlı həmkarının suallarını cavablandırıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, xüsusilə də Suriya münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin