Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 23:27
Trakya Universitetinin professoru Sərvət Altay ürək xəstələrinin soyuq havalarda qidalanmasına və həyat tərzinə diqqət etmələrini bildirib.
"Medicina" xəbər verir ki, soyuq havanın insan orqanizminə mənfi təsir etdiyini deyən professor xüsusilə ürək xəstələrinin sinə nahiyəsini isti tutaraq çölə çıxmalarını tövsiyə edib.
"Soyuq havada bayıra çıxanda damarlarda daralma müşahidə olunur. Bu, ürək damarlarına da aiddir. Belə vəziyyət həm ürəyin oksigenlə təminatını pozur, həm də onun enerji ehtiyacını artırır. Buna görə də qış aylarında ürək xəstələrində sinə ağrısı və infarkt riski artır. Odur ki, ürək xəstələri soyuq havalarda xüsusilə diqqətli olmalıdırlar", - mütəxəssis bildirib.
Xüsusilə səhər və axşam saatlarında şaxtanın təsirli olduğu vaxtlarda çox çölə çıxmamalıdırlar. Evin bir otağı çox isti, digər otaq isə çox soyuq olduqda infarkt riski arta bilər. Ona görə də otaqların bərabər qızdırılması məsləhətdir.
Qışda enerji ehtiyacının və qidalanma tezliyinin artdığını deyən S.Altay həm enerji ehtiyacını ödəyəcək, həm də ürək xəstələrinə zərər verməyəcək qidaların istehlak edilməsini zəruri sayıb. Qeyd edib ki, qışda balıq istehlakı çox faydalıdır. Əlavə edib ki, şəkəri yüksək və lifi az olan qidalardan çəkinin. Qidalanma xüsusiyyətləri yüksək olan paxlalılara üstünlük verilməlidir. Bundan əlavə, tərəvəzlər istehlak edilməlidir. Qırmızı ət istehlakını azaltmalı və qızardılmış qidalardan uzaq durmalısınız.