Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2023 18:12
Türkiyədə fevralın 6-sı baş vermiş güclü zəlzələdə dağıntılar altında qalan vətəndaşların xilas edilməsi üçün aparılan işlər 55 saatdır ki, fasiləsiz davam edir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən 50 saatdan çox vaxt keçsə də, dağılmış binalar altından sağ çıxa bilənlər var.
Adıyamanda dağıntılar altında qalan ata və oğul 54 saatdan sonra xilas edilib.
Gərgin səylər nəticəsində xilasetmə qrupları ata Əhməd Aydın və oğlu Yusuf Aydını 54 saatdan sonra xilas edə bilib.
Həyat yoldaşı ilə birlikdə dağıntılar altında qalan 62 yaşlı Selman adlı şəxs də 50 saat sonra dağıntılar altından çıxarılıb.
Adıyamanda 54 saat sonra ana və iki azyaşlı qızı dağıntılar altından xilas edilib. Belə ki, yaşayış binasının dağıntıları altında qalan 46 yaşlı Xədicə və qızları - 12 yaşlı Elif və 10 yaşlı Ayça Tekin çıxarılıb.
Ailənin daha iki üzvünün, ata və bir uşağının dağıntılar altında olduğu, xilasetmə işlərinin davam etdirildiyi bildirilir.
Kahramanmaraşda 54 saat sonra dağıntılar altından çıxarılanlardan biri də 33 yaşlı Mehmet Acar olub. Onun ingilis dili müəllimi olduğu bildirilir.
Elbistanda yaşayış binasının dağıntıları altında qalan 38 yaşlı Rahime Demirciyə təxminən 52 saat sonra xilas edilib.
Bundan əlavə, təbii fəlakət bölgəsində maraqlı hadisə yaşanıb. Belə ki, Kahramanmaraşda Berat adlı 13 yaşlı oğlan əlində qoruyub saxladığı tutuquşu ilə 55 saat sonra sağ çıxarılıb.
İsgəndərunda dağıntılar altında qalan 16 yaşlı uşaq da xilas edilib. Belə ki, zəlzələlərdə dağılan İbrahim Karaoğlanoğlu küçəsində yerləşən yaşayış binasında aparılan axtarış-xilasetmə işləri nəticəsində Mahmud Salman 56 saat sonra tapılaraq çıxarılıb.
Qeyd edək ki, AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə yüksəlib, yaralıların sayı isə 40 910 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 11 302 bina dağılıb.