Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə haqlı hesab edirəm”

“Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə haqlı hesab edirəm”

Tarix: 25 Fevral 2023 19:12

"Qarabağda nə edilməli olması barədə qərarları Azərbaycan hökuməti qəbul etməlidir. Azərbaycan ərazisində nəzarət-buraxılış məntəqələri də Azərbaycan hökumətinin icazəsi ilə təşkil edilməli, biznes fəaliyyəti də Azərbaycan hökumətinin icazəsi ilə həyata keçirilməlidir. Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə haqlı hesab edirəm".

Milli.Az xəbər verir ki, erməni mənşəli tarixçi alim Filipp Ekozyans bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

- Bu yaxınlarda Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Həmin görüşdə Azərbaycan rəhbəri erməni tərəfə bir sıra tələblər səsləndirib. Bu barədə sizin fikrinizi bilmək istərdik...

- Mən Azərbaycan tərəfinin tələbləri ilə tanış olmuşam və onları tamamilə haqlı hesab edirəm. Əgər Qarabağ Azərbaycan torpağıdırsa, orada nə edilməli olması barədə qərarları Azərbaycan hökuməti qəbul etməlidir. Azərbaycanın Laçın yolundan onun ərazisinə nə daşınmasına nəzarət edə bilməsi üçün nəzarət-buraxılış məntəqəsi təşkil edilməlidir. Azərbaycan ərazisində biznes fəaliyyəti də Azərbaycan hökumətinin icazəsi ilə həyata keçirilməlidir.

- İrəvan illər boyu mümkün qədər çox insana belə bir tezisi təlqin etməyə çalışır ki, guya Qarabağ məsələsi bütün ermənilər üçün ekzistensial xarakterli məsələdir. Bu tezis haradan qaynaqlanır?

- Bu, cəfəng təbliğatın məhsuludur. Qoy bu cəfəngiyyatı yayanlar elə etsinlər ki, ermənilər Ermənistanın özünü, konkret olaraq İrəvanı tərk etməsinlər. Ekzistensial xarakterli problem erməni əhalinin Ermənistan Respublikasından getməsidir. Qoy bu ermənilər əvvəlcə Ermənistanın tamdəyərli sahibləri olsunlar və onu idarə etməyi öyrənsinlər (mən bunu istehza ilə demirəm, tam səmimi-qəlbdən arzu edirəm), sonra isə Azərbaycanın və ya Türkiyənin idarə olunmasında onlara kömək təklif etsinlər.

- Siz uzun müddət Qafqaz xalqlarının tarixini öyrənirsiniz və bu mövzuda bir sıra kitabların, onlarla videosüjetin müəllifisiniz. Sizin fikrinizcə, saxtalaşdırılmış tarixi iddialar səbəbindən bu gün, necə deyərlər, iki od arasında qalmış erməni xalqının əsas bəlası nədən ibarətdir?

- Zaman dəyişdikcə bəlalar da dəyişir: dünən bir qisim bəlalar vardı, bu gün başqa bəlalar. Məsələ həmin bəlaların nə ilə bağlı olmasındadır. Başqa sözlə desək, yüzilliklər boyu təkrarlanan səbəblər nədən ibarətdir? Mənim fikrimcə, əsas bəlalardan biri nüfuzlu azlığın cinayətkar siyasi fəaliyyətidir. Erməni xalqı deyilən xalq hər dəfə ondan ötrü faciəli hadisələrin burulğanına düşəndən əvvəl bir dəstə erməni heç bir səlahiyyətə malik olmadığı halda tarix səhnəsinə çıxaraq bütün xalqın adından çıxış edir. Bu rolda çıxış edən məlikləri də görmüşük, keşişləri də, siyasi xadimləri də. Onlar sadə insanların arzuları ilə hesablaşmadan, hətta bu insanların fikri ilə maraqlanmadan xalqın ziyanına olan qərarlar qəbul edirlər. Güman edirəm ki, onların hamısı öz xalqına pislik etmək istəməyib, lakin nəticə belə olub.

Mənim fikrimcə, erməni xalqının mütləq əksəriyyətinin fikri nəzərə alınmaqla taleyüklü qərarlar qəbul etməyə imkan verən bir mexanizm lazımdır, çünki azlıq məsələsində bu xalqın bəxti gətirmir. Mən erməni xalqı haqqında üçüncü şəxs kimi danışıram, çünki erməni diasporuna üçüncü nəsildə mənsubam. Diasporun müasir Ermənistanın sakinlərinin problemlərindən xəbəri yoxdur. Mən yəqin bilirəm ki, erməni diasporu tamam başqa erməni xalqıdır və həmin başqa erməni xalqının bəlaları da tamam fərqlidir. Lakin bu, ayrı söhbətin mövzusudur.

- Xalqın təfəkkürünü necə dəyişmək olar, sizin müəyyən konsepsiyanız varmı? Nədən başlamaq lazımdır?

- Heç şübhəsiz, tarixdən, özü də mötəbər tarixdən başlamaq lazımdır. Mötəbər tarix ermənilərə bir məqamı başa salacaq ki, onlarla yanaşı yaşayan bütün xalqlar bilavasitə onların qohumlarıdır. Ermənilər, türklər və azərbaycanlılar əsrlər boyu qohumluq telləri ilə bağlı olublar, bu telləri yalnız millətçilik təbliğatının köməyi ilə qırmaq olar. Bu təbliğat isə həmişə ya siyasətçilərə xidmət edib, ya da siyasətçilərə çevrilmiş din xadimlərinə.

Son 100-150 il ərzində təbliğat öz işini görüb və qonşu xalqların çoxu bir-birindən uzaqlaşıb. Lakin təbliğat nə qədər çalışsa da, bir faktı inkar edə bilmir və inkar edə bilməz ki, bizim ortaq keçmişimiz, ortaq köklərimiz var. Bu ortaq köklərə mental şəkildə qayıtmaq, onların həqiqi tarixini dərk etmək lazımdır. Axı biz, sadəcə, eyni qayğılarla, eyni ehtiyaclarla, eyni sevinc və kədərlə birləşən insanlarıq. Bir-birimizdən uzaqlaşmaqdansa, ünsiyyət saxlamaq qat-qat faydalı olar. Lakin bunlar ümidlərdir...

Əgər bu gün yaranmış vəziyyətdə ermənilər və azərbaycanlılar mehriban qonşuluq münasibətlərinə qayıtmaq istəyirlərsə, hər bir qərarı, hətta ən cüzi məsələyə dair qərarı ehtiyatla ölçüb-biçməli, hər bir addımı, hər bir sözü götür-qoy etməlidirlər. Qərarlar qəbul edərkən ambisiyalara və ya incikliklərə deyil, ermənilərin və azərbaycanlıların ən adi tələblərinə əsaslanmaq lazımdır. Axı istənilən halda yanaşı yaşamalı olacağıq. Biz bir-birimizdən imtina edə bilmərik. Ən azı eksperiment xatirinə təkcə öz problemlərimiz və arzularımız barədə düşünməməyi sınaqdan keçirtmək olar. Qonşunun problemlərini öz problemlərimiz kimi qəbul etməyə çalışmaq lazımdır. O halda yaxın gələcəkdə yaxşılığa doğru dəyişiklik baş verəcək.

Mənim fikrimcə, Prezident İlham Əliyev bu mənada yeni təfəkkür nümayiş etdirir və Azərbaycan ermənilərinə ağlabatan münasibət göstərir. Mənim üçün aşkardır ki, o, Azərbaycanda - həm Qarabağda, həm də başqa rayonlarda yaşayan ermənilərin təhlükəsizliyini əməli şəkildə təmin etmək niyyətindədir, çünki bu, həqiqətən, təkcə ermənilərə deyil, çoxmillətli və tolerant dövlət olan Azərbaycanın özünə də lazımdır. Azərbaycanda yaşayan bütün ermənilərin Azərbaycan vətəndaşlığına malik olması isə təbii və məntiqi tələbdir. Burada müzakirə edilməli heç bir məqam yoxdur.

- Siz Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşaması ideyasını necə qiymətləndirirsiniz?

- Ermənilərin və azərbaycanlıların birgə yaşaması mötəbər tarix baxımından məntiqli və düzgündür. Bundan əlavə, bizim bu cür birgə yaşamaq təcrübəmiz var. Bir neçə qısa müddət istisna olmaqla bu təcrübə pozitiv olub.

Milli.Az


Etiketlər:  Bakının Ermənistan tərəfə təqdim etdiyi tələbləri tamamilə haqlı hesab edirəm


RƏYLƏR