Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda İran nümayəndəsinə “suallara cavab verin” tələbi - Rusiyadan Tehrana “Azərbaycanla yola get” mesajı

Bakıda İran nümayəndəsinə “suallara cavab verin” tələbi - Rusiyadan Tehrana “Azərbaycanla yola get” mesajı

Tarix: 3 Mart 2023 08:51

Politoloq: "İran rejiminin addımları artıq Rusiyanın regionda bir sıra strateji maraqları üçün ciddi əngələ çevrilib"

Tehrandakı səfirliyə hücumla bağlı Azərbaycan tərəfinin sualları İran tərəfindən cavablandırılmalıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının zirvə görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşündə belə deyib.

Nazir Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumunu törədənin, təşkilatçı və sifarişçilərinin müəyyən edilməsi və onların müvafiq şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib. "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası"ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan nazir Ceyhun Bayramov, diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cur hücumlardan qorunmasının təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb. Nazir terror hücumunun təfərrüatlarının və videoçəkilişlərin tərəfimizdən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.

"Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb. Bu, təşkil olunub". Bunu isə REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb edilməlidir: "Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Danışığımız əsasında həmin vəsatət göndəriləcək və zərurət yaranarsa, bizim buradan prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları oraya ezam olunacaq. O işin gedişatını biz daima nəzarətdə saxlayırıq".

Baş prokuror əlavə edib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumla bağlı bir çox qaranlıq məqamlar var: "Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, "Kalaşnikov" tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi. Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub".

Qeyd edək ki, Bakıda səfərdə olarkən Sergey Lavrov Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və yanacaq-energetika sektoru daxil olmaqla, digər layihələrin reallaşdırılmasının regionun dünya miqyasında əhəmiyyətini artıracağını deyib. Ekspertlərə görə, Rusiya bir növ İrana diplomatik şəkildə sətiraltı mesajlar verir, çünki Tehranın Bakı ilə gərgin münasibətləri Moskvanın bu dəhliz üzrə istəklərinə qarşı çevrilir. Moskva İrana xəbərdarlıq ünvanlayır ki, Bakı ilə münasibətləri yenidən nəzərdən keçirsin və onu pozitiv istiqamətdə inkişaf etdirsin. Çünki Bakı-Tehran gərginliyi Şimal-Cənub Dəhlizinin işləkliyini və effektivliyini sual altına alır, hərçənd ki, Azərbaycanla İran arasında həmin layihə üzrə razılaşmalar da var. Ancaq İran üzərinə düşən texniki öhdəlikləri icra etmir, məsələn, Tehran Rəşt-Astara dəmir yolunun tikintisini yubadır. Belə vəziyyət Rusiya üçün məqbul variant deyil, üstəgəl, Bakı ilə Tehran arasındakı diplomatik xətlərin qırılması da əlavə problemlər yaradır. Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hücumundan sonra qırılan əlaqələr Rusiyanın Şimal-Cənub dəhlizi üzrə parametrlərinin önündə əngəldir.

Bəs bütün bunlara görə İrana Azərbaycanla münasibətləri düzəltmək üçün təsir göstərə, təzyiq edə bilərmi?

Milli.Az xəbər verir ki, politoloq Azad Məsiyev "Yeni Müsavat"a bildirdi ki, Azərbaycan həm Rusiya, həm də İranla qonşu dövlətdir: "Bizim bu iki böyük dövlətlə böyük sərhədlərimiz mövcuddur. Azərbaycan həmişə bu məqamları nəzərə alıb və hər iki qonşusu ilə əlaqələrin inkişafında maraqlı olub. İran-Azərbaycan münasibətlərinin yaxşı olması hər iki dövlətin həm dövlət, həm də milli maraqları üçün lazım olub. Eləcə də Azərbaycanla İranın münasibətlərinin yaxşı olması hər iki dövlətlər sıx əlaqələri olan Rusiya üçün həmişə vacib amil olub. Təəssüf ki, son bir neçə ildir İran tərəfindən qonşuluq münasibətləri ilə uyğun gəlməyən davranış nümayiş etdirilir. İrandan Azərbaycana qarşı hədələr, təhqirlər yağdırılır. Tehrandakı səfirliyimizə qarşı terrordan sonra isə münasibətlər daha da gərgin fazaya keçdi. Azərbaycan tərəfi dəfələrlə İrana rəsmi çağırışlar, müraciətlər edib ki, səfirliyimizə terror hücumu ilə bağlı inandırıcı cavab versin, bu cinayətin istintaqında Azərbaycanın müvafiq orqanlarının da iştirakına şərait yaradılsın. Ancaq hələ də İrandan bu çağırışlara müsbət cavab verilmir. Azərbaycan-İran münasibətlərinin pozulması həm siyasi, həm iqtisadi baxımından Rusiyanın maraqlarına cavab vermir. Ona görə də artıq xarici işlər naziri səviyyəsində narahatlıq və İrandan narazılıq dilə gətirilir".

Politoloqun fikrincə, Rusiya əslində fərqindədir ki, münasibətləri bu həddə gətirib çıxaran İran tərəfidir: "İranın hərəkətləri Rusiyanın dəstəklədiyi 3+3 əməkdaşlıq formatının da baş tutmasına imkan vermir. Moskvanı narahat edən və narazı salan həm də bu məsələ ilə bağlıdır. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir, İran isə Ermənistana təzyiq edir ki, bu dəhliz açılmasın. İran rejiminin addımları artıq Rusiyanın regionda bir sıra vacib maraqları, layihələri, strateji maraqları üçün ciddi əngələ çevrilib. Odur ki, Rusiyanın İrana hərəkətlərinə düzəliş etməsi üçün təzyiq eləməsi mümkündür. Sergey Lavrov Bakıda diplomatik formada dilə gətirmiş oldu İrandan narazılığı. Şübhəsiz ki, pərdəarxasında Tehrana qarşı daha açıq və sərt şəkildə mövqe ortaya qoyula bilər. Çünki Rusiya çox ciddi strateji maraqlarını İran hakimiyyətinin yanlış siyasətinə görə qurban verəsi deyil. Rusiyanın İranla münasibətləri yüksək səviyyədədir, amma Moskva üçün bu yetərli deyil, Moskva İranın Azərbaycanla da münasibətlərinin gərginlik fazasından çıxmasını istəyir. Rusiya Türkiyə faktorunu da nəzərə alır".

Milli.Az


Etiketlər:  Bakıda İran nümayəndəsinə suallara cavab verin tələbi Rusiyadan Tehrana Azərbaycanla yola get mesajı


RƏYLƏR