Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2023 04:46
Dünya tarixində ən güclü 10 zəlzələ Cənubi Amerika və Asiya-Sakit okeanı ölkələrində baş verib.
"Alovlu qövs" adlandırılan Sakit Okean Zəlzələ Kəməri dünyada baş verən bütün zəlzələlərin 90 faizinin, böyük zəlzələlərin isə təxminən 80 faizinin şahidi olur.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, indiyə qədər qeydə alınmış ən uzun davam edən zəlzələ 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra şəhərində baş verib. 9,1 bal gücündə zəlzələdə 230 min insan həyatını itirib. Təkanlar 8,3-10 dəqiqə arasında davam edib.
Zəlzələ nəticəsində metrlərlə hündürlüyü olan nəhəng dalğalar İndoneziya ilə yanaşı Asiyanın şimalında və Afrikanın şərqində yerləşən 14 ölkəyə təsir edib. Ən çox ölümə səbəb olan təbii fəlakətlərdən biri sayılan fəlakətdə zəlzələ və sunami səbəbi ilə 1 milyon 700 min insan evsiz qalıb.
Dünyanın aktiv seysmik qurşaqlarından biri olan Alp-Himalay qurşağında yerləşən Türkiyədə də dağıdıcı zəlzələlər olub.
Bunlardan ən ağırı 26 dekabr 1939-cu ildə Ərzincanda baş verib. 7,8 bal gücündə zəlzələ nəticəsində 33 min insan həyatını itirib.
20 kilometr dərinlikdə baş verən və 52 saniyə davam edən zəlzələdə məktəb və xəstəxana kimi ictimai binalar da daxil olmaqla 100 mindən çox bina dağılıb.
Türkiyədə daha bir dağıdıcı zəlzələ 1999-cu il avqustun 17-də baş verib. Episentri Kocaelinin Gölcük rayonu olan və ölkənin şimal-qərbində təsirli olan 7,4 bal gücündə Mərmərə zəlzələsi xüsusilə İstanbul, Kocaeli, Sakarya və Yalova şəhərlərində böyük dağıntılara səbəb olub.
Zəlzələdə 17 mindən çox insan həyatını itirib, 500 min insan evsiz qalıb.
Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ 11 vilayətə təsir edib. Son hesablamalara görə, 45 089 insan həyatını itirib.
Son açıqlamalara görə, zəlzələdən sonra 11 min 20 afterşok meydana gəlib.
2011-ci il martın 11-də Yaponiyanın Tohoku bölgəsində 9 bal gücündə zəlzələ baş verib. Okeanın dibində 1 kilometrlik qırıq yaradan zəlzələdən sonra ölkənin şimal-şərq sahillərində sunami baş qaldırıb.
Zəlzələ və ondan sonra baş verən sunami nəticəsində 19 min insan həyatını itirib. Fukusima Atom Elektrik Stansiyasında sızma baş verib.
2018-ci ildə İndoneziyanın Sulavesi adasında 7,5 bal gücündə zəlzələ və sonrakı sunami son illərin ən böyük fəlakətlərindən biri kimi tarixə düşüb. Zəlzələ və sunami 4 300-dən çox insanın ölümünə səbəb olub.
Dünya tarixində ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilidə baş verib. Təxminən 1000 kilometr ərazidə hiss edilən 9,5 bal gücündə zəlzələ nəticəsində 1655 nəfər həyatını itirib, 3 min nəfər yaralanıb, 2 milyon insan evsiz qalıb.
İkinci ən güclü zəlzələ olaraq qeydə alınan Alyaska zəlzələsi 28 mart 1964-cü ildə baş verib. Üç dəqiqə davam edən 9,2 bal gücündə zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və onu izləyən nəhəng dalğalar 128 nəfərin ölümünə səbəb olub.
2004-cü ilin dekabrında İndoneziyanın şimal-qərbindəki Sumatra adasında baş vermiş dağıdıcı 9,1 bal gücündə zəlzələnin yaraları sağalmamış, bölgə təxminən 3 ay sonra (28 mart 2005) 30 kilometr dərinlikdə 8,6 bal gücündə zəlzələ ilə sarsılıb. Təbii fəlakətdə 400-dən çox insan həyatını itirib, zəlzələnin törətdiyi sunami nəticəsində yüzlərlə insan yaralanıb.
Rusiyanın şərqindəki Kamçatka yarımadasında 4 noyabr 1952-ci ildə baş verən 9 bal gücündə zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlər sırasındadır. Zəlzələ nəticəsində əmələ gələn 9 metr hündürlüyündə dalğalar Havaya qədər gedib çıxıb. Təbii fəlakət zamanı ölən olmayıb.