Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır

Azərbaycan Prezidenti: Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır

Tarix: 17 Oktyabr 2019 17:06

Bakı. Trend:

Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir.

Bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb. Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırmışıq. İndi Rusiya sərhədinə qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizolaqlı yolu biz dördzolağa genişləndiririk. Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədinə qədər yolun bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli layihədir.

Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Prezidenti Bakının həm qəsəbələrarası həm qəsəbədaxili yolları təmir olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ