Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2023 23:22
"Evimizə gəlmiş kimi olduq. Bu stadionda bu şəhərdə möhtəşəm qarşılandıq. Əsas məqsəd Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım etmək idi".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk deyib. O, Bakıda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunu (2:1) haqda danışıb.
Mütəxəssis qeyd edib ki, qələbə qazandıqları üçün xoşbəxtdirlər: "Çox gözəl futbol gecəsi oldu. Hər kəsə təşəkkür edirəm. Xüsusilə, "Qarabağ" daha diqqətli və hazır idi. Heyətdə rotasiyalar etmişdik. Bəzi oyunçular şans qazanmırdı. Qələbə qazandığımız üçün xoşbəxtik. Sizinlə birlikdə olmaqdan daha çox şadıq".
Çalışdırıcı Ağdam təmsilçisi ilə dostluqlarının davam edəcəyini deyib: "Şəhərə gec gəldik. Çətinliklər bizi belə oyundan məhrum etmədi. Əsas burada birlikdə olduğumuzu göstərmək idi. Bu, başlanğıc idi. "Qarabağ"la olan dostluğumuz davam edəcək. "Qarabağ" Türkiyəyə gələcək, biz Bakıya. Burada möhtəşəm atmosfer var idi. Burada olduğum müddətdə tez-tez belə oyunların keçirilməsini istəyəcəyəm".
Buruk bildirib ki, "Qarabağ"ın yaxşı baş məşqçisi və futbolçuları var: "Bu gün bir neçə futbolçu ön plana çıxdı. "Qarabağ"ı bəyəndim. Yaxşı komandadır və yaxşı baş məşqçiləri var. Oyuna yaxşı hazırlaşmışdılar, sanki avrokubok matçına çıxmışdılar. Biz belə diqqətcil ola bilmədik".