Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2023 09:48
Elşad Həsənov: "İsraildə səfirliyimizi açdığımıza görə İƏT-in bizə qarşı, hər hansı bəyanat qəbul etməsi kağız parçası olaraq qalacaq"
İran Fələstinə görə İslam Əməkdaşlıq Təşkilatının təcili iclasının keçirilməsi çağırışını edib: istisna deyil ki, bundan istifadə edərək, Azərbaycanın İsraildə səfirlik açması məsələsini də İƏT-in gündəminə gətirmək niyyətindədir.
İran parlamentinin aprelin 5-də qəbul etdiyi qərarda Azərbaycanın İsraildə səfirlik açması pislənildi, bunun mənfi siyasi nəticələrinin olacağı ilə hədələdilər. Onların ərəb və islam hökumətlərindən, islam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyindən bunu qınamalarını xahiş etmələri, eləcə də İran Xarici İşlər Nazirliyinin bütün islam ölkələrinə bəyanat göndərərək, lazımi diplomatik tədbirləri görəcəyi ilə bağlı anons verməsi Tehranın Bakıdan islam aləminə şikayət etməyə hazırlaşdığına şübhə yeri qoymur.
Bu qərardan iki gün sonra İranın İƏT-in təcili toplantısını çağırması deyildiyi kimi Fələstinlə bağlı olsa da, Azərbaycanı da müzakirə masasına çıxarmağa çalışacaqları gözləntisini önə çıxarır. O da istisna deyil ki, Tehranın İƏT çağırışının arxasında məhz Azərbaycanla bağlı məsələ dayanır, Fələstin burada "istinaq nöqtəsi"dir.
Maraqlıdır ku, Tehran üç il öncə - 2020-ci ilin 19 sentyabrında İsraildə səfirlik açan Ermənistanla qardaşlıq edir, 30 il məhz İrana görə bu addımı atmayan Azərbaycanın səfirlik açmasını "müsəlman düşmənçiliyi" adlandırır.
İranın dərdinin "Fələstin məsələsi", yaxud "müsəlman təəssübkeşliyi" olmadığı bəllidir. İranın bu hiyləgərliyi İƏT-də keçərli olacaqmı?
Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Ermənistan bizə məğlub olandan sonra, İran bizə qarşı daha da aqresiv münasibət sərgiləməyə başladı: "30 illik işğal dönəmində də İran daim Ermənistana havadarlıq edib. Onlara hərbi, siyasi və iqtisadi dəstək göstərib. Bizə qarşı isə fətva verməklə kifayətləndi. Son günlər İran parlamentinin bizə qarşı bəyanat verməsi onların qərəzini bir daha ortaya qoydu. İsraildə səfirlik açmağımızı bəhanə edərək belə bir mövqe ortaya qoydular. İran Ermənistanın yanında olduğu halda, İsrail bizə dəstək oldu. Bizə hər cür diqqət, qayğı, həm hərbi, həm siyasi dəstək göstərdi. Beynəlxalq qurumlarda daim bizim tərəfimizdə oldu. Ancaq İran isə bütün bunların əksini etdi. Məlumdur ki, biz 1992 - ci ildə İsraillə diplomatik əlaqələr qurduq. 1993 - cü ildə isə İsrail bizdə səfirlik açdı. Biz isə 30 il İrana görə səfirliyimizin açılmasını yubatdıq. Ancaq 44 günlük müharibədən sonra, İran bizə qarşı açıq təhdidlər yönəldən sonra, Zəngəzurun özləri üçün "qırmızı xətt" olmasını bildirəndən sonra, Azərbaycan öz səfirliyini açmaq qərarına gəldi. Onu da xatırlatmaq lazımdır ki, Azərbaycan İranın bir əyaləti deyil. Azərbaycan müstəqil, demokratik, hüquqi dövlətdir. Kimlə istəsə onunla münasibətlər yaradacaq, səfirlik açacaq. Bizə qarşı pis münasibəti olan ölkələr isə lazımı cavablarını alacaq. Ona görə də İranın Fələstinlə hansısa tədbir kecirməsi, nəsə etmək istəməsi Azərbaycana heç bir təsir göstərəcək məsələ deyil. Çünki Azərbaycan Fələstinlə də münasibətlərini normal saxlayır, səfirliyimizi açandan sonra da daim biz Fələstinə dəstək olmuşuq, yardımlar etmişik. Ancaq indi fələstinlilər də İran kimi davranır. Onlar da həmişə bizə qarşı çıxışlar ediblər. Ona görə Fələstin də bizim üçün mühüm bir ölkə deyil. Bizim üçün önəmli olan Avropa ölkələri, Amerika, Rusiya və Türkiyədir. Yəni dünyanın aparıcı ölkələdir. Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyində öz dəstəyini göstərir. Ermənistanın bizə qarşı olan təhdidləri, İranın açıq - aydın siyasi və diplomatik hücumlarından sonra güman etmirəm ki, bizə qarşı qəbul edilən hər hansı bəyənat Azərbaycanın mövqeyini sarsıdar. Heç nə olmayacaq. Son günlər, aprelin 7,8 - i Azərbaycan xarici işlər naziri ilə İranın xarici işlər nazirinin görüşlərindəki apardıqları danışıqlar göstərir ki, bizim daxili, xarici siyasətimizə heç kimin qarışmağa səlahiyyəti yoxdur. Biz daim qonşularımızla xoş münasibət, dostluq, qardaşlıq münasibətlərini saxlamışıq. Ancaq təəssüfki İran bizə arxadan zərbə vurdu. Ona görə də, ümid edirəm ki, İsraildə səfirliyimizi açdığımıza görə İƏT-in bizə qarşı, hər hansı bəyənat qəbul etməsi kağız parçası olaraq qalacaq. Azərbaycana və İsrailə heç bir mənfi təsiri olmayacaq".