Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 10:45
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən 381-ci və 388-ci maddələr aşağıdakı redaksiyada verilir
"Maddə 381. Media haqqında qanunvericiliyin pozulması
381.1. Media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə -
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
381.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə ‒
üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
381.3. Qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
381.4. Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə ‒
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
381.5. Audiovizual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının "Media haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
381.6. Audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı "Media haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsinə görə -
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
381.7. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa, digər audiovizual yayımçıların həmin proqramı yayımlamasına görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
381.8. Yayımın müvəqqəti dayandırılması barədə məlumatın yayımın dayandırıldığı müddət ərzində audiovizual yayımçının televiziya və (və ya) radio kanalında yayımlanmamasına, yaxud yayımın dayandırılmasına və ya digər məsuliyyət tədbirinin tətbiqinə səbəb olmuş audiovizual proqramın audiovizual yayımçının veb-saytından və həmin proqramın yayımlandığı videopaylaşım platformalarından çıxarılmamasına görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
381.9. Audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Azərbaycan Respublikası Audiovizual Şurasının razılığı olmadan dəyişdirilməsinə görə -
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
381.10. Dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
381.11. Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
381.12. Media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunmasına görə -
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
381.13. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə -
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.
381.14. Platforma və ya multipleks operatorunun fəaliyyətinin Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən monitorinqinin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququnun təmin edilməməsinə görə -
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.";
"Maddə 388. Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə
Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə -
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.".