Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dəli qız” rolu onu dəli etdi – “Kann kinofestivalı”nın ulduzu haqqında bilmədiklərimiz - FOTO

“Dəli qız” rolu onu dəli etdi – “Kann kinofestivalı”nın ulduzu haqqında bilmədiklərimiz - FOTO

Tarix: 31 May 2023 22:35

O istedadlı aktrisa kimi öz adından "Masumlar apartmanı" serialında bəhs etdirməyi bacarmışdı. 

Bu günlərdə Kann kinofestivalında "Ən yaxşı qadın aktrisa" nominasiyasında mükafat aldıqdan sonra adı yenidən dillərə düşdü. Təbrik edənlər olsa da, daha çox hücumlara məruz qaldı. Hər kəs "Fransada Türkiyəni pislədi" deyib acılamağa çalışdı. O əslində ölkəsini pisləməmişdi, cəmiyyətin təzyiqlərinə baxmayaraq ümidini itirməyən, yıxılanda qalxmağı bacaran qadınları təmsil etdiyini demişdi. Həqiqətləri dilə gətirən qadın olmaq asan deyildi. Merve Dizdar bunu bacardı.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, "Göz önündə" layihəsində Merve Dizdarın həyat yolundan bəhs edilir.

O, 1987-ci ildə İzmir şəhərində ziyalı ailədə doğulub. Uşaq vaxtı valideynləri onu idmana, rəsm dərnəklərinə, müxtəlif məşğuliyyət sahələrinə yönləndirsə də, qız özünü yalnız teatr dərnəyində tapa bilir. Bütün ömrünü səhnəyə həsr etməyə qərar verir.

Müsahibələrindən birində bildirib ki, aktyorluqdan başqa heç bir işi bacarmır. "Nə zamansa bu işdən uzaq qalsam, yəqin ki, acından öləcəm. Çünki əlimdən başqa bir iş gəlmir. Sənətimi həyatımın mərkəzinə qoymuşam",- deyə o qeyd edib. 

Merve Dizdar müxtəlif film və seriallarda komik, dramatik, psixoloji, xarakterik obrazları ustalıqla yaradıb. Bu günə qədər " Eltilerin Savaşı", "Bir Aşk İki Hayat", " Yok Artık 2", "Mandıra Filozofu", "Bir Ses Böler Gecey", "Quru otlar üstündə" filmlərində, 12-dən çox serialda oynayıb.

Rollarının üzərində həddən artıq çox işlədiyini, zəhmətkeş insan olduğunu bildirən Merve bu səbəblə şəxsi həyatına da zaman ayıra bilmir. Öz dediyi kimi sevməyə və sevilməyə zamanı yoxdur. Kino ilə evlənib.

Həyatını duyğuları idarə edir. Bu onun ən pis və ən yaxşı cəhətidir. Çünki duyğuları həyatını cəhənnəmə çevirsə də, aktyorluq sənətində ona uğur qazandırır. Elə bu duyğuları səbəbilə xoşbəxt ailə həyatı cəmi 3 il davam edə bilib. Günün birində başa düşüb ki, duyğuları ölüb və ayrılıb.

37 yaşlı aktrisa 2 il öncə özü kimi aktyor olan əri Gürhan Altundaşardan boşanıb. Ayrılsalar da dost qalmağı bacarıblar. Mervenin dediyinə görə, bu həyatda ən çox güvəndiyi adam boşandığı əridir və bu yəqin həmişə belə qalacaq.

O çox ağlağan qadındır. "Servi boyluym, al yazmalım" filminə baxıb ağlamağı çox sevirəm,- deyə müsahibələrinin birində bildirib.

Aktrisa ona ən çox şöhrət gətirən "Masumlar apartmanı" serialındakı rolundan sonra əməlli başlı psixoloji travma aldığını və psixoloji müalicə götürdüyünü deyib.

"O filmdə mən də, Ezgi Mola da Birkan Sokolluda yerlə yeksan olmuşduq. Asan şeylər yaşamadıq. Film həm uşaqlıq travmalarımızla üzləşməyimizə səbəb oldu. Həm də gündəlik yaşadığımız ağır duyğular sanki belimizi bükdü. Evdən işə gələcək halımız qalmamışdı. Sanki gülümsəməyi yadırğamışdıq. Psixoloji müalicə almasam yəqin dəli olardım. Heç asan bir şey deyildi. Özümlə üzləşdim. Lakin bu rol mənim aktrisa kimi miladımdır",- deyə o qeyd edib.
Bu filmdə aktrisa  Ezgi Mola ilə dostluğa başlayan aktrisa bildirib ki, onları real həyatda hər kəs bacı zənn edirmiş. "Hətta doğma analarımız belə bizi az qala qarışıq salırdı. Huyumuz da, suyumuz da bir olmuşdu",- deyir Merve Dizdar.

Filmdən sonra maşın sürməyi və daha cəsur olmağı öyrəndiyini deyən aktrisa maraqlı bir hobbisini də dilə gətirib: "2-3 gün boş zamanım olan kimi topladığım pullarımı götürüb hava limanına gedirəm. Öncədən heç nə planlamıram. İlk qalxan təyyarə hansıdırsa, ona minib tanımadığım ölkələrə və ya şəhərlərə uçuram. İki gün kəşfiyyat edib geri qayıdıram. Bu çox xoşuma gəlir". 

"Pula düşkün deyiləm, nə istədiyimi çox zaman bilmirəm. Nə istədiyini bilmək böyük hünərdir məncə" - bu fikirlər də ona aiddir.

Aktrisa makiyaj eləməyi sevmir. Çox zaman sosial şəbəkələrdən izləyicilər ona "nə üçün qaşlarını aldırmırsan, dişlərin əyridir, düzəltdirmirsən?" şəklində tənqidlər yağdırırlar. O isə qaşlarından məmnun olduğunu bir çox obrazların canlandırılmasında özü qədər qaşının da rol oynadığını deyir.

"Çirkinəmsə mən çirkinəm, bu sizləri niyə narahat edir?" deyə o cavab verir.

Kann kinofestivalında ona uğur qazandıran film Nuri Bilgə Ceylanın lentə aldığı "Quru otlar üstündə" bədii filmiydi. Merve bu filmdə böhtana məruz qalmış və həyata olan inamını itirmiş müəllimi sevən, ona ümid verən qadın rolunu oynayır. Kanndan gəldikdən sonra hücumlara məruz qalan aktrisanı cəmi iki nəfər müdafiə edib. Həmkarı Kadir İnanır və İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu.

Merve sosial şəbəkələrdən sıxlıqla istifadə etmir. Bunu çox bacarmır. Və ən acığı gedən şey rejissorların sosial şəbəkələrdə izləyicisi çox olan aktyor və aktrisalara üstünlük verməsidir.
"Hamımız istedadımıza görə filmlərə dəvət almalıyıq, sosial şəbəkədə filmin reytinqini qaldırmaq izləyicisi çox olan aktyoru seçmək haqsızlıqdır və bu aktyorun üstünə yüklənən yükdür, ondan istifadə etməkdir", deyə o üsyan edir.


Etiketlər:  Dəli qız rolu dəli etdi Kann kinofestivalının ulduzu haqqında bilmədiklərimiz FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ