Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2023 08:48
NATO müdafiə nazirləri gələn ay keçiriləcək Vilnüs Sammitindən əvvəl görüşərək Ukraynaya dəstək və İsveçin alyansa üzvlük məsələsi barədə danışıblar.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülərin də iştirak etdiyi görüşdə NATO-nun Rusiyanın mümkün hücumuna necə və hansı qüvvələrlə cavab verəcəyi barədə regional planlar detallı şəkildə müzakirə edilib.
Xarici diplomatik mənbələr təfərrüatlara yer vermədən Türkiyənin bəzi qeyd-şərtləri olduğu üçün planlara son təsdiqin verilə bilməyəcəyini bildirir.
Rəsmilər yalnız bir regional plana etirazların olduğunu və qeyd-şərtlərin hərbi xarakter daşımadığını vurğulayırlar. Mövzu ilə bağlı müntəzəm məsləhətləşmələr və qiymətləndirmə prosesi davam edir. Sammitə qədər problemi aradan qaldırmağın mümkün olduğu da verilən məlumatlar sırasındadır.
NATO-nun baş katibi Yens Stoltenberq də yeni planların nazirlər tərəfindən nəzərdən keçirildiyini bildirib: "Hazırda bütün məsələlərdə razılığa çox yaxınıq, lakin yekun qərarlar sammitdə veriləcək".
Qeyd edək ki, 2019-cu ildə Türkiyə təhlükəsizlik maraqlarının daha çox nəzərə alınmasını və PKK terror təşkilatının Suriya qolu olan YPG-yə qarşı mübarizəyə daha çox siyasi dəstək verilməsini tələb etmiş, Baltikyanı müdafiə planlarını bir müddət bloklamışdı.