Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2019 11:00
Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi İnnovasiyalar Agentliyində görüşüb.
Trend-in məlumatına görə, görüşdə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının Birgə Bəyanatı” imzalanıb.
Həmçinin qarşılıqlı əməkdaşlıq perspektivləri, yerli startapların dünya bazarına çıxışının təşkili məsələləri müzakirə olunub.
Daha sonra UNCTAD-ın baş katibi Mukisa Kituyi startaplarla görüşüb. İnnovasiyalar Agentliyinin Barama Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin, eyni zamanda Azərbaycanın innovasiya ekosistemində fəaliyyət göstərən startapçılar tədbirdə öz layihələrinin təqdimatını keçirib.
Qonaqlara Baramanın yeni akselerasiya proqramına başlaması haqqında məlumat verilib. Bildirilib ki, proqramın qalibləri 12 həftə boyunca müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri alacaq, onlara dövlət və özəl sektor qurumları ilə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək göstəriləcək.
Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstəriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin