Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlbedici və dadlı olsa da, küçədə bişən forması təhlükəlidir

Cəlbedici və dadlı olsa da, küçədə bişən forması təhlükəlidir

Tarix: 14 Avqust 2023 04:06

Bir çoxumuzun ən sevdiyi qidalardan biri də qaynadılmış qarğıdalıdır. Bəzən küçədə, yol kənarında əlüstü də atışdırırıq. Lakin ekspertlər deyirlər ki, küçədə satılan qarğıdalıları yemək sağlamlığımıza zərər verə bilər. 

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Qarğıdalı, qarğıdalı, təzə bişmiş sütül qarğıdalı..." Bu çağırış yəqin hamınıza tanışdır. Hər birimiz həyatımızda bir dəfə də olsa, küçədə bu səsləri eşitmişik. Yay mövsümünün gəlişi ilə küçədə bu çağırışlar başlayır. Böyük qazanlar yol kənarına düzülür. İnsanların gur olduğu ərazilərdə bu mənzərəni daha çox görmək mümkündür. Rayonlara səyahət edəndə də bu qazanlarla qarşılaşırıq. Yol boyu düzülmüş iri qazanlar, içi də qarğıdalı dolu. Qarğıdalı bir çoxumuzun sevdiyi qidadır. Bəs sevdiyimiz qidanın küçədə, yollarda bu şəkildə satılması nə dərəcədə doğrudur? Bu dadlı təamın arxasında görmədiyimiz və bilmədiyimiz məqamlar da var.  Bəzən bu qazanların heç qapağı da olmur. Yol kənarında çalışan satıcılar növbəti gün qarğıdalını qaynadarkən bəzən suyunu da dəyişmirlər. 

Küçədən alınma qarğıdalı yeməyin

Terapevt Fəxriyyə Əhmədova deyir ki, insanlar qarğıdalını evdə özləri bişirib yesələr daha zərərsiz olar:

"Küçələrdə qida məhsullarının satılması, ümumiyyətlə gigiyenik cəhətdən düzgün deyil. Çünki belə vəziyyətdə müxtəlif rotavirus, həmçinin qida toksiki infeksiyaları çox sürətlə yayıla bilir. Son günlər ishal, ürəkbulanma, qusma ilə bağlı şikayətlər xeyli artıb. İnsanlardan tələb olunur ki, özləri gigiyenik qaydalara əməl etsinlər, küçələrdən heç bir qida məhsulu alıb yeməsinlər. Heç kim zəmanət verə bilməz ki, insanlar belə yerlərdən hansısa xəstəliklər tuta bilməz. Ciddi fəsadları, zəhərlənmələrə yol açması mümkündür. Ona görə də, insanlar qarğıdalını alıb ev şəraitində özləri də hazırlaya bilərlər. Məsləhət görərdim ki, küçədən alınma qarğıdalı yeməsinlər". 

İnsanlar özləri məsuliyyətli olmalıdırlar

Mütəxəssisin sözlərinə görə, çöldə bişən qarğıdalının keyfiyyətinə heç kim zəmanət verə bilməz:

"Ümumiyyətlə, nəzarət olunmalı, belə halların qarşısı sanitar epidemioloji stansiyalar, müxtəlif orqanlar tərəfindən alınmalıdır. Amma insanların da məsuliyyətli olması çox vacibdir. İnsanlar özləri məsuliyyət daşımasalar, heç bir inzibati qayda bizi qoruya bilməz. Bilinmir ki, o qarğıdalı nə vaxt, hansı şəraitdə bişirilib. Bəlkə də dünən, yaxud bir gün əvvəl bişirilən qarğıdalı təkrar atılıb qaynadılır və insanlara satılır". 

Virus və bakteriyalar suya qarışır

Qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi ki, küçədə bişirilən həmin qarğıdalılar bir çox infeksiyalara və bakteriyalara məruz qala bilərlər:

"Qarğıdalı istehlak edən insanlar allergik reaksiyaları olmayan insanlar olmalıdır. Məsələn, kiminsə astma xəstəliyi, yaxud bronxlarında hər hansısa problemləri varsa, o insanların qarğıdalıdan uzaq durması daha məqsədəuyğundur. Küçədə satılan qarğıdalılar bir dəfə qaynadılır və saatlarla həmin suyun içində qalır. Hava-damcı yolu ilə gələn bütün virus və bakteriyalar da həmin suya hopur. Küçədə maşınların hərəkəti, insanların təması və s. kimi  amillərlə hava-damcı yolu ilə həmin qarğıdalılara hər hansısa bakteriya və virusun hopması ehtimalı yüksəkdir".

Bişmiş qarğıdalı alarkən nələrə diqqət etməli?

Ekspertin fikrincə, əksər hallarda qarğıdalının suyunun rəngi onun nə dərəcədə təmiz və yeni olmasından xəbər verir:

"İnsanların qarğıdalını özlərinin evdə bişirib yemələri daha məqsədəuyğundur. Yox, əgər küçədən alacaqlarsa, baxsınlar ki, təzə və istehlaka yararlı vəziyyətdə olsun. Qarğıdalının tərkibində nişasta var. Ona görə suda çox qalanda su bulanıqlaşır. Əgər yol kənarındakı qazanlarda su bulanıqdırsa, bu, satılan qarğıdalının köhnə olduğunu göstərir. Deməli, qarğıdalı çoxdan bişib ki, su bu qədər bulanıb. Köhnə qarğıdalıdan da uzaq durmaq lazımdır".

Sevdiyimiz qidanın yaratdığı xəstəliklər

A.Salamov qeyd etdi ki, qarğıdalı bir sıra xəstəliklərə də səbəb ola bilər:

"Qida intoleransı - ürək bulanması, ishal və s. hallar da mümkündür. Allergiya da ona görə baş verir ki, qarğıdalının tərkibində rahat həzm olunmayan zülallar var. Bu zülallar həzm olunmadığına, mədədə inteqrans yaratdığına görə müəyyən qaşıntı və təngnəfəslik və s. yaradır. Bu, xüsusilə də allergik xəstələrə, astma xəstələrinə aiddir. Həmçinin, qarğıdalını çox yemək olmaz. Çox yeyəndə insanların mədə-bağırsaq sistemi pozulur. Mütəmadi olaraq qarğıdalı yeyən insanlarda pellaqra xəstəliyi, vitamin çatışmazlığı ortaya çıxır. Bu da qarğıdalının tərkibində niasin və amin turşularının olmaması ilə əlaqədardır". 


Etiketlər:  Cəlbedici dadlı olsa küçədə bişən forması təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ