Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələ Mərakeşdə muzey və məscidlərə ciddi ziyan vurub

Zəlzələ Mərakeşdə muzey və məscidlərə ciddi ziyan vurub

Tarix: 10 Sentyabr 2023 15:40

Sentyabrın 8-də axşam saatlarında Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub. Bu, fəlakətin episentrinə ən yaxın şəhər olan beynəlxalq əhəmiyyətli turizm mərkəzi və krallığın mədəniyyət paytaxtı olan Mərakeşin timsalında ən aydın şəkildə görünür.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, zəlzələ nəticəsində 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məşhur orta əsr məhəlləsində (mədinə) çoxlu binalar dağılıb.

Bir çox orta əsr binalarının və mədəniyyət obyektlərinin, ekzotik restoranların və dizayner geyim mağazalarının cəmləşdiyi mədinədə hər yerdə dağılmış divarlar və uçmuş fasadlar görmək olar. Şənbə günü UNESCO-nun nümayəndə heyəti bu kvartalda olub.

"Bizim təşkilatımız irsə və təhsilə dəyən zərərin qiymətləndirilməsində, binaların təhlükəsizliyinin təmin edilməsində və bərpaya hazırlıqda Mərakeş hakimiyyətinə kömək edəcək", - Təşkilatın baş direktoru Odri Azule sosial şəbəkədə qeyd edib.

Lakin bəzi ekspertlər artıq etiraf edirlər ki, Mərakeşin mədəni, tarixi və memarlıq irsinə çox ciddi ziyan dəyib. Belə ki, 2001-ci ildə UNESCO-nun şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş məşhur Cəmaa-əl-Fna meydanındakı Xarbuş məscidinin minarəsi, demək olar, tamamilə uçub. Mərakeşin simvollarından birinin - XII əsrdə tikilmiş və Məğribdə dini tikililərin etalonu kimi tanınan Qütbiyyə məscidinin 69 metrlik minarəsi zədələnib.

Mərakeş Milli Muzeylər Fondunun (MMF) prezidenti Mehdi Qütbinin sözlərinə görə, zəlzələ qədim evlərdə saxlanılan maddi irsin bir hissəsini məhv edib. XIX əsrin ikinci yarısında tikilmiş, hazırda Milli Xalçaçılıq Muzeyinin yerləşdiyi və müxtəlif dövrlərə aid zəngin keramika kolleksiyasının saxlanıldığı Dar-Si-Səid sarayına ciddi ziyan dəyib.

"Muzeyin keramika kolleksiyasının böyük hissəsi zədələnib", - Qütbi etiraf edib və əlavə edib ki, eksponatların çoxu qırılıb.

Dar Si Saiddə, Dar-əl-Başa Muzey Kompleksində ("Paşanın evi") və Qeyri-Maddi İrs Muzeyində təbii fəlakət çatların yaranmasına səbəb olub. Bununla belə, sözügedən son iki yerdəki eksponatlar salamat qalıb.

"Mərakeş muzeyləri köhnə binalarda, Dar-Si-Səid və Dar-əl-Başada olduğu kimi, saraylarda yaradılıb, keçmiş dövrün vasitələri və texnologiyalarından istifadə edilərək tikilib", - Qütbi izah edib.

Artıq binaların durumunun diaqnostikası və dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb. MMF xaricdən minlərlə nümayəndəni cəlb edəcək Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun Mərakeşdə birgə iclasının keçiriləcəyi 2023-cü ilin oktyabr ayının birinci yarısına qədər zədələnmiş muzeyləri təmir edib ziyarətçilərin istifadəsinə verməyi planlaşdırır.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Krallığın Daxili İşlər Nazirliyinin son məlumatına görə, təbii fəlakət nəticəsində 2 012 nəfər həlak olub, 2 059 nəfər yaralanıb.


Etiketlər:  Zəlzələ Mərakeşdə muzey məscidlərə ciddi ziyan vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ