Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2023 04:04
Uşaqların kiçik yaşdan oynadığı oyuncaqlar onların formalaşmasında böyük rol oynayır. Dünya təcrübəsində də qəbul edilən bu yanaşmada oğlan uşaqlarına qarşı doğru bilinən yanlışların gələcəkdə cəmiyyət üçün böyük fəsadlara yol açdığını iddia edilir.
Müşahidə aparsaq, görərik ki, həqiqətən də son dövr uşaqlar, əvvəlki dövrdəkilərdən tamamilə fərqlənir. Gənc nəsildə də bunu sezmək mümkündür. Mütəxəssislər hesab edir ki, gənclər arasında olan problemlərin kökündə uşaqlıqdan onun necə böyüdülməsi dayanır.
Belə ki, bəzi valideynlər övladlarını körpəlikdən ətraf mühitə qapalı, ancaq oyuncaq, telefon və s. vasitələrlə böyüdürlər. Beləliklə həmin uşaqlar gələcəkdə qarşı cinslə münasibətində və cəmiyyətdə də fərqlənir.
Uşaqların tərbiyəsi prosesində yol verilən əsas yanlışlıqlar hansılardır?
Sonxeber.net xəbər verir ki, psixoloq Gülnar Orucova Bizim.Media-ya valideynlərin uşaq oyuncaqları seçərkən diqqət etməli olduqları məqamlardan söz açıb.
Onun sözlərinə görə, körpə yaşlarından övladını tək buraxmayan valideyn, ona oyuncaq vasitəsilə bu alışqanlığı davam etdirir ki, bu da onun cəmiyyətə adaptasiya olmasına və daha tez uyğunlaşmasına maneə yaradır:
"Bəzən valideynlər uşaqlara davamlı olaraq eyni oyuncağı alır. Onlar bunu uşaqların özünü tək hiss etməməsi üçün edirlər. Bəzən bu bağlılıq nəticəsində uşaqlar həmin oyuncağı getdiyi yerlərə, bağçaya, hətta məktəbə belə aparır. Bir çox hallarda da bu ana və uşaq bağlılığı onun məktəbə adaptasiya prosesinə mənfi təsir edir.
İbtidai siniflərdə uşaqların məktəbdə ağlamağı məhz itirmə qorxusuna görə formalaşır. Son dönəmlərdə isə cinsiyyət orqanı olan kuklalar icad olunub ki, bu da xoşagəlməyən haldır. Usaqlar cinsi tərbiyə almalıdır, lakin bu cür kuklaların erkən verilməsi psixoloji olaraq doğru deyil. Ona görə uşaqların oynatdığı oyuncaqlara diqqət yetirmək vacibdir ki, gələcəkdə onların psixologiyasına mənfi təsir etməsin".
Psixoloq bildirir ki, lazımsız oyuncaqlar uşaqların inkişafına yardım etmir, əksinə gələcək həyatında mənfi iz qoyur. Hətta yaddaşın inkişafına mane olur və qavramanı bəsitləşdirir:
"Uşaqlar 1-2 yaşda olarkən səs və işıqlı oyuncaqlar almaq lazımdır. Sonra onlara üzərində heyvanlar, qidalar, rəqəmlər olan lövhələr almaq yaxşı olar. Bu tip oyuncaqlar inkişafetdirici, öyrədici funksiya verir. Oğlan uşaqlarının kuklalarla oynaması qəti şəkildə məsləhət deyil. Çünki kuklalarla oynadıqda sonra onda fizioloji olaraq heçnə dəyişməsə də gələcəkdə qadınlığa marağı arta bilər. Sonradan isə onun qadın kimi geyinmə, qadın kimi bəzənmək hissləri daha çox olur".
G. Orucovanın sözlərinə görə cinsi pozulmalar ən çox uşaqlıq vərdişlərindən yaranan marağa görə olur.
Oğlan uşaqları ailədə ataya daha yaxın olmalı, atayla birgə vaxt keçirməli, diqqət qayğısını görməli və oğlan uşaqlarına aid oyuncaqla oynamalıdır ki, düzgün formalaşsın:
"Dünya ölkələrinə nəzər salsaq, bəzi bağçalarda, məsələn Finlandiyada kişi müəllimləri yəni, tərbiyəçilər var. Amma bizdə nəinki bağçada kişi tərbiyəçisi, hətta müəllimlər arasında belə kişilərin azaldığını görürük. Kişi müəllimlər, ya əmək haqqının azlığı, ya da digər səbəblərdən bu sahəni seçmirlər.
İbtidai siniflərdə kişi müəllimləri demək olar ki, yoxdur. Həmçinin orta məktəblərdə idman müəllimi və ümumi kişi müəllimlərinin sayı azalıb. Bunun da uşaq psixologiyasına müəyyən qədər təsiri var.