Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ milli dəyərlərimizi hədəfə alıb - ŞƏRH

ABŞ milli dəyərlərimizi hədəfə alıb - ŞƏRH

Tarix: 17 Sentyabr 2023 15:03

Amerika Birləşmiş Ştatları Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik mühiti üçün yaranan tarixi şansı özünün maraqlarına təhdid hesab edir. Çünki ABŞ strateji coğrafi mövqeyə malik, yaxud təbii sərvətlərlə zəngin regionlarda maraqlarını yalnız münaqişələr hesabına təmin edir.

Ən azı yaxın tarixdən bəllidir ki, dünyanın ayrı-ayrı bölgələrinə "sülh və demokratiya" adı altında fəlakətlər daşıyan ABŞ, həmin ölkələr və toplumlar artıq müqavimət göstərə bilməyəcək duruma düşdükdən sonra həmin regionu nəzarətə alaraq talan etməyə başlayır. Bir milyondan artıq insanın məhv edildiyi İraq və soyqırımlarına məruz qalan Əfqanıstanın timsalında aydın şəkildə müşahidə edə bilirik ki, dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam etmiş münaqişənin gedişatında da Vaşinqton eyni ssenariyə sadiq qalmış, münaqişənin dondurularaq yekun həllə nail olunmaması üçün bütün vasitələrdən istifadə olunmuş, hətta bu məqsədlə işğal amilinin legitimləşdirilməsinə çalışmışdır. İstər siyasi, istər iqtisadi cəhətdən tam müstəqilliyə nail olan, ciddi ordu quruculuğu həyata keçirən Azərbaycanın güclənməsinin qarşısını almaq üçün ABŞ ölkəmizdə dəfələrlə hakimiyyət çevrilişinə cəhdlər edərək özünün marionetlərindən birini iqtidara gətirmək istəyib. Ölkədə özünü "əsas siyasi müxalifət" elan edən antimilli ünsürlər də bu prosesdə məmnuniyyətlə Vaşinqtonla əməkdaşlıqdan çəkinməyərək illər ərzində davamlı şəkildə okeanın o tayından gələn təlimatlarla çoxsaylı xəyanətlərə imza atıb, ABŞ-ın maliyyə yardımları hesabına ayaqda qalıb.

 

 

Lakin ABŞ Azərbaycan xalqının Heydər Əliyev yoluna və İlham Əliyev iqtidarına bağlılığını düzgün hesablaya bilmədiyi üçün hər dəfə fiaskoya uğrayıb. Prezident İlham Əliyevin regionda işğal və təcavüzə, o cümlədən separatizmə ən böyük zərbəsi hesab olunan 44 günlük savaşdakı Qələbəmizdən sonra isə artıq Vaşinqton qeyri-ənənəvi üsullara əl atmaq məcburiyyətində qalıb. Otuz ilə yaxın bir periodda xaltası Vaşinqtonun əlində olan siyasilərdən fayda görməyən ABŞ bu gün Azərbaycanın ən böyük üstünlüklərindən biri olan ailə və milli dəyərlərini hədəfə alıb. LGBT, "feminist" və "NO WAR"çıları maliyyələşdirməklə ABŞ Azərbaycanı daxildən parçalama planına start verib. Bu prosesin icrası isə antiislam və antitürk mövqeyini gizlətməyən radikal-terror təfəkkürlü xüsusi xidmət zabiti Samanta Pauer və onun rəhbərlik etdiyi USAID-ə tapşırılıb. Baxmayaraq ki, bu çirkin məqsədlərlə hər il USAID-ə ayrılan vəsaitlər hesabına regionu mina təhlükəsindən xilas etmək olar, yaxud ən azı yüz mindən çox insanın işğaldan azad olunmuş torpaqlara ləyaqətli qayıdışını təmin etmək mümkündür. Təbii ki, bəşəri dəyərlərin qlobal müdafiəçisi adına iddia edən ABŞ-ı, əslində, bu amillər maraqlandırmır. Nəticə etibarilə qeyri-ənənəvi üsulların da səmərə vermədiyini görərək ABŞ ənənəvi metoda, yenidən vasitəçilik institutuna üz tutub. Artıq münaqişə olmadığı üçün isə Vaşinqton bir müddət öncə yekun sülh müqaviləsinin hazırlanması istiqamətində platforma təşkil edərək proseslərə "töhfəsini" vermək niyyətini bəyan etdi. Bütün dialoq əsaslı platformalardan faydalı formada yararlanmağın mümkünlüyü xəttini tutan Azərbaycan da "Vaşinqton" prosesinə müsbət yanaşdı. Lakin ilk vaxtlar pozitiv meyillər müşahidə olunsa da, Vaşinqtonun maskası cırıldı və artıq ABŞ tədricən özünün çirkin, riyakar və ikiüzlü simasını daha gizlədə bilməməkdədir.

 

"Regionda sülh və təhlükəsizlikdən danışan ABŞ istər Dövlət Departamentində, istərsə də qanunverici orqanlarında açıq formada separatçılara dəstək verməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ruhunda mühit formalaşdırmağa başlayıb. Baxmayaraq ki, paralel olaraq Vaşinqton elə ərazi bütövlüyü və suverenlik prinsiplərini rəhbər tutaraq Ukrayna, Gürcüstan və Moldovaya münasibətdə "alovlu" bəyanatlar verir, separatizmin yolverilməzliyindən danışır. Azərbaycana münasibətdə isə separatçıların ən böyük dəstəkçilərindən biri kimi məhz Vaşinqton özü çıxış edir. Təsəvvür edin, ABŞ separatçı rejimin terrorçu koordinatorlarını okeanın o tayına səfərə dəvət edib görüşlər keçirərək, cinayətkar rejimin ofisini yaradaraq separatizmə bütün mümkün dəstəyi verib. Eyni zamanda, Dövlət Departamentinin birbaşa dəstəyi ilə fəaliyyət göstərən fondlardan "Qarabağa yardım", habelə minatəmizləmə adı altında milyonlarla dollar yardım verərək separatizmin maliyyə dayaqlarından birini təşkil edib. Belə olan halda Vaşinqton Ukraynada, yaxud Gürcüstanda separatizmlə mübarizədə səmimi ola bilməz. Çünki ABŞ üçün Ukrayna və Gürcüstanın suverenliyi və ərazi bütövlüyü yox, oradakı münaqişəli vəziyyətin özü maraqlıdır və əslində 40 milyard dollardan artıq vəsait ayırmaqla Vaşinqton Kiyevin haqlarını yox, münaqişənin davamlılığını təmin edib. Məhz bu səbəbdən Vaşinqton bu günə qədər bir dəfə də olsa Rusiya və Ukraynanı sülhə çağırmayıb, əksinə müharibəni daha da körükləyib", - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

 

Deputat əlavə edib ki, ABŞ Azərbaycanda da eyni ssenarini rəhbər tutub. Lakin xalq-iqtidar birliyi Vaşinqtonun planlarını uğursuz cəhdlərə çevirib və bundan sonra da bu kimi ikiüzlü niyyətlərin realizə şansı yoxdur. Əksinə, Vaşinqton özü regionda maraqlarını təhlükəyə atır və bu gedişlə artıq regiondan təcrid olunmuş Fransa kimi, ABŞ da bölgəyə kənardan baxmaqla kifayətlənməli olacaq.

 


Etiketlər:  ABŞ milli dəyərlərimizi hədəfə alıb ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ