Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Paşinyanı devirmək istəyir, ya yox? - Maraqlı detallar

Rusiya Paşinyanı devirmək istəyir, ya yox? - Maraqlı detallar

Tarix: 23 Sentyabr 2023 20:51

"Erməni cəmiyyəti, icması üçün 19-20 sentyabr tarixi faciəvi tarix idi. Ona görə ki, onlar həm 44 günlük müharibəyə qədər, həm 19-20 sentyabr tarixinə qədər düşünürdülər ki, Qarabağ ideyasından əl çəkməyəcəklər, "Artsax" ifadəsindən istifadə edirdilər. Amma ötən həftə baş verənlər bir daha onu sübut etdi ki, artıq "Artsax" yoxdur və bu Ermənistanda əlbəttə ki, etirazlarla qarşılanmalı idi. Bu gözlənilən idi. Ola bilməzdi ki, ermənilər, xüsusən, Qarabağda yaşayanlar İrəvanda, yaxud başqa ölkələrin səfirliyi qarşısında etiraz etməsinlər. Bu məntiqli idi. Məntiqsiz olan isə o idi ki, etiraz edən insanların sayı çox azdır. Əgər insanların etirazı 50 mini keçə bilmirsə, "Artsax" layihəsinin süqutundan sonra belə meydana bu qədər az adam çıxırsa, deməli, onlar Nikol Paşinyan kursunu dəstəkləyir. Müxalifət nə qədər gəlin, "Paşinyanı devirək" çağırışı etsə də, onlar bunu bacarmadı".

Bu sözləri yenisabah.az-a politoloq Zaur Məmmədov deyib. Paşinyanın taxtdan salınması iddiaları ilə bağlı danışan ekspert bunun real görünmədiyini bildirib:

"Bəzi iddialara görə, Rusiya hakimiyyəti də Paşinyanın getməsində maraqlıdır və 1 ay əvvəl Rusiyadan xüsusi təyinatlı qüvvələrin gəlməsi ilə bağlı məlumatlar da verilirdi. Ancaq nə keçmiş "Vaqner" döyüşçülərinin, nə də ki, Rusiyadan erməni əsilli şəxslərin Ermənistana gətirilməsi ilə bağlı heç bir fakt yoxdur. İkincisi, Nikol Paşinyan yönlü saytlar bu haqda yazırsa, deməli, onlarda bu şəxslərin kimlər olduğu ilə bağlı siyahı var və o şəxslər Ermənistana buraxılmamalı idi. Bu baxımdan, yazılanlar daha çox Paşinyanın özünü müdafiəsi üçün mediada yaratdığı bir mənzərədir". 

Z.Məmmədov qeyd edib ki, hazırda erməni xalqının böyük əksəriyyəti Nikol Paşinyanın arxasındadır və Rusiya onun devrilməsində maraqlı deyil: 

"Əgər Nikol Paşinyan bu gün hakimiyyətdən gedərsə, yerinə kim gələcək? O hakimiyyətdən gedərsə, revanşist qüvvələr hakimiyyətə gələcək. Onların hakimiyyətə gəlməsi isə başqa problemləri ortaya çıxara bilər. Doğurdanmı, revanşistlər Azərbaycanla yeni müharibəni istəməyəcək? Revanşistlərin hakimiyyətə gəlib Azərbaycanla yeni müharibə etməsi Rusiyaya sərf edirmi? Ona görə, mən düşünürəm ki, hadisələri yaxşı təhlil etmək lazımdır. Ola bilər ki, kənardan Rusiya Paşinyanı devirmək istəyir kimi iddialar olsun. Rusiyaya Paşinyan lazım deyil, hətta Rusiyada ona nifrət edirlər, lakin Paşinyanın hakimiyyətdən getməsi bölgədə davam etməkdə olan yeni proseslərə, Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsinə zərbə olacaq. 

Hələlik hadisələr onu göstərir ki, erməni cəmiyyəti Paşinyanın arxasındadır. Çox az insan ona qarşı çıxış edir. Paşinyan özü üçün müdafiə səddini yaratmağı bacarmışdı, o səddi qırmaq isə yaxın günlər üçün real görünmür".


Etiketlər:  Rusiya Paşinyanı devirmək istəyir Maraqlı detallar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ