Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Ciddəyə niyə getdi? - Səfərin detalları

Ceyhun Bayramov Ciddəyə niyə getdi? - Səfərin detalları

Tarix: 19 Oktyabr 2023 15:52

İsrail-Fələstin arasında yaşanan son ağrılı hadisələrin fonunda islam dininə yönəlmiş diqqət mənfi yöndə artıb. Dünya ictimaiyyətində Fələstində baş verən hadisələr müsəlmanlara qarşı yönəlmiş siyasət kimi qəbul edilir. Bu məqsədlə İslam Əməkdaşlıq Təşkilatı növbədənkənar iclas keçirmək qərarı alıb.

Ötən gün Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İsrail-Fələstin arasında son toqquşmalar ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər səviyyəsində növbədənkənar iclası keçirilib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da sözügedən iclasda iştirak edib.

Nazir münaqişə bölgəsindəki son hadisələrin narahatlıq doğurduğunu bildirib, hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış edib. O, dinc insanların həyatına qarşı təhlükənin qarşısının alınmasının, mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayaraq başverənlərin təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnəndiyini qeyd edib.

Azərbaycan tərəfinin İƏT tədbirində iştirakı bizim beynəlxalq səviyyədə İslam dəyərlərinin müdafiəsi üçün fəal iş apardığımızın bariz nümunəsidir. Bu iştirak sübut edir ki, Azərbaycan dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirməklə yanaşı, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsinə də öz töhfəsini verir.

İƏT-ə üzv olan ölkələrin sayı 57 olsa da, bu iclasda sadəcə 21-i iştirak edib. Nazirlər səviyyəsində keçirilən iclasda bizim də təmsil olunmağımız Azərbaycanın İslam həmrəyliyinin əsas halqası olduğunu deməyə əsas verir. Ceyhun Bayramovun orada olması ölkəmizin İslam ölkələrində birliyə, sabitliyə və sülhə verdiyi töhfənin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Nazirin iclasda çıxışı ölkəmizin İslam həmrəyliyinə verdiyi önəmi nümayiş etdirir.

Azərbaycan islam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir. Ölkəmizdə dövlətçiliyinin təməlində olan milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət bu tədbirdə aşkar sezilib. Azərbaycan nazirinin tədbirdə iştirakı və çıxışı, eləcə də ölkəmizin İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səyləri davam etdirəcəyini bildirməsi Azərbaycanın müsəlman ölkələri arasında vəhdət və həmrəylik proseslərində də daim öndə getdiyini göstərir.

İslam
Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Ciddəyə niyə getdi Səfərin detalları


RƏYLƏR