Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: İstiqlalına şəhidlərinin canı və qanı bahasına qovuşan Türkiyə yüz il sonra dünyada əsas söz sahiblərindən biri olan qüdrətli dövlətdir

İlham Əliyev: İstiqlalına şəhidlərinin canı və qanı bahasına qovuşan Türkiyə yüz il sonra dünyada əsas söz sahiblərindən biri olan qüdrətli dövlətdir

Tarix: 28 Oktyabr 2023 17:18

İstiqlalına şəhidlərinin canı və qanı bahasına, çox mürəkkəb və ziddiyyətli beynəlxalq vəziyyətdə qovuşan Türkiyə Respublikası yüz il sonra qlobal siyasi xəritədə mühüm mövqeyə malik, dünyada əsas söz sahiblərindən biri olan, hər cəhətdən güclü və qüdrətli dövlətdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: "Atatürkün əmanəti olan qardaş Türkiyənin son iyirmi ildə inkişaf tempi, dünya çapında ən öndə duran ordudan tutmuş yüksək texnologiya və innovasiyalara qədər bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətləri, beynəlxalq aləmdə qazandığı etibarı və yüksək nüfuzu Sizin sarsılmaz iradənizin, yorulmaz fəaliyyətinizin və qətiyyətlə həyata keçirdiyiniz müdrik siyasətinizin nəticəsidir. Sizin əzmlə yürütdüyünüz strateji inkişaf xəttinə xalqınızın birmənalı dəstəyi, Sizə olan sonsuz inam və etimadı Türkiyənin gələcək uğurlarını və nailiyyətlərini təmin edəcək ən mühüm amillərdir".

Gündən-günə güclənən, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutan müasir Türkiyəni görməkdən qardaş ölkə olaraq böyük qürur və fərəh hissi duyduğumuzu vurğulayan Azərbaycan Prezidenti bildirib: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı xalqlarımızın qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir. Fəxrlə qeyd etmək istəyirəm ki, bu fəlsəfənin sübutu olaraq hazırda Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr və müttəfiqlərdir".

Milli.Az


Etiketlər:  İlham Əliyev İstiqlalına şəhidlərinin canı qanı bahasına qovuşan Türkiyə yüz il sonra dünyada əsas söz sahiblərindən biri olan qüdrətli dövlətdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ