Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Tarix: 10 Noyabr 2023 17:15

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə XIV - XV əsrin böyük musiqişünas alimi, bəstəkarı, şairi, xanəndəsi, xəttatı Əbdülqadir Marağainin (1353-1435)  670 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin  direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edərək Əbdülqadir Marağayinin Azərbaycan musiqi tarixində özünəməxsus yer tutduğunu qeyd etdi.

Bildirdi ki, Əbdülqadir Marağayi böyük  Azərbaycan alimi olmaqla yanaşı, həm də zəngin irsi ilə bütün Yaxın və Orta Şərqin mənəvi övladıdır. Marağayinin adı Şərqin böyük alimləri Urməvi və Fərabi ilə eyni sırada çəkilir və onun irsinin bu gün də öyrənilib, təbliğ edilməsinə ehtiyac var. Tədbirdə muzeyin direktor müavini Təranə Zeynalova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının fəaliyyəti haqqında, Əməkdar incəsənət xadimi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəya Ağayeva Ə.Marağayinin yaradıcılığı mövzusunda məruzə ilə çıxış etdikdən sonra muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər - Azərbaycan Respublikasının Xalq artisti Munis Şərifov) ifasında Əbdülqadir Marağainin "Heydərnamə", "Naxışbəstə" və "Hüseyni - bəstə" əsərləri səslənib.
 

Milli.Az


Etiketlər:  Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçirilib FOTO


RƏYLƏR