Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 03:02
Əzəmətli Quran özündən əvvəlki ilahi kitablar kimi dəyişkənliyə məruz qalmamışdır. Uca Allah Quranı təhrif olunmaqdan qorumuşdur. O buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
ət-Tabəri (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Yəni, biz Quranı qoruyacağıq ki, onun hökm və fərzlərinə başqa bir şey daxil edilməsin və ya əlavə bir şey artırılmasın".
Uca Allahın Quranı hər bir təhrifdən qoruması ilə bağlı başqa bir ayədə buyurur: "Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir". (Fussilət, 42).
Həmçinin buyurur: "Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri təsbit olunmuş, sonra da ətraflı izah edilmiş bir Kitabdır". (Hud, 1).
Başqa bir ayədə isə buyurur: "Cəbrail sənə Quranı nazil etdikdə onu tələmtələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir". (əl-Qiyamət, 16-17).
Bütün bu ayələr göstərir ki, Uca Allah Quranın həm ayələrini, həm mənasını, nazil olan gündən ta Qiyamət gününədək qoruyur və onda hər hansı bir dəyişkənlik baş verməsinə imkan vermir. O, Quranı Öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) öyrətmiş, sonra onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəlbində cəm etmiş, sonra onu insanlara bəyan etmiş və onun hədisləri vasitəsilə izah etmişdir. Sonra da əsrlər boyu Quranı əzbərləyəcək və yazıb qoruyacaq adil insanlar yaratmışdır. Beləliklə də, Quran Peyğəmbərə (salləllahu aleyhi və səlləm) nazil olunduğu kimi həm böyüklər, həm də kiçiklər tərəfindən daim oxunaraq bütün batillərdən qorunmuşdur. Alimlər, Tövrat təhrif olunduğu halda Quranın təhrif oluna bilməməsi barədə danışmışlar. Əbu Amr əd-Dəni, Əbu Həsən əl-Muntəbdən belə rəvayət etmişdir: "Bir gün mən Qazi Əbu İshaq İsmail ibn İshaqın yanında idim. Ondan: "Nə üçün Tövrat əhli (öz kitablarını) təhrif edə bildi, Quran əhli isə yox?" - deyə soruşdular. Qazi dedi: "Uca Allah Tövrat əhli barəsində buyurur: "Din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər". (əl-Məidə, 44).
Onu qoruyub saxlamağı onların özlərinə tapşırdığı üçün təhrif edə bilmişdilər. Quran barəsində isə belə buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
Odur ki, onlar Quranı təhrif edə bilməmişlər". Sonra dedi: "Mən Əbu Abdullah əl-Muhamilinin yanına getdim və hekayəni ona söylədim. O dedi: "Mən bundan daha gözəl əhvalat eşitməmişəm".