Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-nin Vyetnam müharibəsində qalib gəlmək üçün istifadə etdiyi layihə - “Axmaqlar Korpusu” - FOTO

ABŞ-nin Vyetnam müharibəsində qalib gəlmək üçün istifadə etdiyi layihə - “Axmaqlar Korpusu” - FOTO

Tarix: 24 Noyabr 2023 10:48

Soyuq müharibə dövründə ən uzun sürən münaqişələrdən biri olan Vyetnam müharibəsi haqqında əvvəlki yazılarımızda da məlumat vermişdik. Milyonlarla insanın həyatını itirdiyi 20 illik müharibədə hər iki tərəf sözlə ifadə edilməyəcək acılar yaşayıb. Vyetnam müharibəsi iştirakçısı olan ABŞ-li əsgərlər intihar statistikasına görə, ilk sıralarda yer alıb. Müharibələrdə gözləndiyindən də daha çətin anlar yaşanan Vyetnam müharibəsində ABŞ-nin qalib gəlmək üçün irəli sürdüyü bir layihə isə, bir çox insanı boş yerə ölümə göndərib.

Milli.Az sfera.az-a istinadən bu layihənin təfərrüatlarını təqdim edir. 

2 milyon insanın həyatını itirdiyi Vyetnam müharibəsi zamanı dünya bir çox faciələrin şahidi olub. 20 il davam edən bu "vərəsəlik" müharibəsində ABŞ Sovet Rusiyasının tərəfində olan vyetnamlıların asan ov olduğunu düşünərək böyük səhvə yol verdi. Bitmək bilməyən müharibədə müxtəlif siyasətlər sınasalar da, 1966-cı ildə həyata keçirilən layihə tamamilə fərqli idi.

1966-cı ildə ABŞ-nin müdafiə naziri Robert Maknamara (McNamara) Vyetnama səfər edəndə müharibənin reallığı onun üzünə sillə kimi dəydi.

Maknamara ölkəsinə qayıtdıqdan sonra ABŞ prezidenti ilə müzakirə etdiyi ilk məsələ ABŞ ordusunun pis vəziyyətdə olması və təcili olaraq azı 100.000 təcrübəli əsgərə ehtiyac duyulması idi.

O, "Project 100.000" adlı layihə hazırlayıb prezidentə təqdim etdi. Burada məqsəd hərbi xidmət üçün tələb olunan psixi standartları aşağı salaraq, 100 min əsgəri tez bir zamanda ordu sıralarına cəlb etmək idi.

Bu kateqoriyaya aşağı IQ-ya malik, ingilis dilini bilməyən, az-maz fiziki qüsurları olan, artıq və ya az çəkisi olan kişilər salındı. Bu dəstə alçaldıcı şəkildə "Axmaqlar Korpusu" ( "Moron Corps") adlandırıldı.

Maknamaranın məqsədi təkcə əsgərləri cəld toplamaq deyil, həm də qarşıdan gələn seçkilərdə səs verəcək "normal" insanları qorumaq idi. 

Bu yolla yoxsulluğun da qarşısının alınacağı düşünülürdü. 100 min əsgər əvəzinə, 320-355 min arasında əsgər orduya cəlb edildi. Bu əsgərlərin digərlərindən fərqlənməsi üçün onların qeydiyyat sənədlərinə böyük qırmızı ştamplar vurulurdu.

Bəzi əsgərlərin əqli yaşı altıdan çox deyildi, bəzilərinin isə fiziki vəziyyəti müharibə üçün uyğun deyildi. Bu insanlar sözün əsl mənasında ölümə göndərilirdilər.

Üstəlik, aldıqları maaşlar eyni rütbəli digər əsgərlərlə müqayisədə kifayət qədər aşağı idi. Onlar döyüş meydanında say üstünlüyündən başqa heç bir fayda gətirə bilmədilər və əmrləri anlamaqda çətinlik çəkdikləri üçün döyüş yoldaşlarına mənfi təsir göstərdilər.

Bu layihə indi ABŞ üçün "uğursuz sınaqlardan" biri hesab olunur. Qeyd edək ki, o zaman da ictimaiyyət bu qərara qarşı çıxıb.

Nəticə, ABŞ Vyetnamda qələbə qazana bilmədi, bu insanlar boş yerə həlak oldular. Sağ qalanlar isə ömür boyu əvvəlkindən daha çox əziyyət çəkməyə davam etdi.

Milli.Az


Etiketlər:  ABŞ nin Vyetnam müharibəsində qalib gəlmək üçün istifadə etdiyi layihə Axmaqlar Korpusu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ