Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2023 10:02
Yeni İlin əsas simvolu hesab olunan və hər il ənənəvi olaraq Nyu-Yorkda ucaldılan dünyanın ən böyük Milad ağacı işıqlandırılıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Rokfeller mərkəzində quraşdırılan nəhəng Küknar ağacı bu il 50 mindən çox rəngli led işıqla işıqlandırılıb.
Ağacın zirvəsinə üç milyon "Swarovski" kristalı ilə örtülmüş 900 funtluq ulduz qoyulub.
Nyu-Yorkun Manhetten adasında keçirilən işıqlandırma mərasimində minlərlə turist və yerli sakinlər iştirak ediblər.
Norveç ladini (Picea abies) cinsindən olan bu ilki ağac Nyu-Yorkun Kvinsberi şəhərindən gətirilib. Ağacı 91 illik ənənəni 30 ildir davam etdirən Rokfeller Mərkəzinin baş bağbanı Erik Pauze tapıb. Bağban ağacın gözəl və mükəmməl formasının olduğunu və gözlərini ağaca dikən hər şəxsdə xoşbəxtlik hissi oyatmaqla üzlərində dərhal böyük təbəssüm yarandığını deyib.
Milad ağacının işıqları Nyu-York küçələrinə göz oxşayan ab-hava gətirib. Rokfeller Mərkəzinin ətrafındakı mağazaların da vitrinləri çilçıraqlarla bəzədilib və rəngarəng işıqlar şəhərə xüsusi gözəllik verir. Milad ağacı yanvar ayının 7-nə qədər hər gün saat 17:00-dan səhərədək, 31 dekabr - Yeni il günü isə 24 saat boyunca işıqlandırılacaq.
Qeyd edək ki, Rokfeller Mərkəzində Milad ağacının işıqlandırılması ənənəsi Nyu-Yorkda 1931-ci ildə başlanıb. O zaman Rokfeller Mərkəzini inşa edən fəhlələr maaşlarının bir hissəsini toplayaraq aldıqları yolkanı əl işləri olan çələnglər və parlaq iplərlə bəzəyiblər. Həmin tarixdən bu yana mərkəzin qarşısında yeddimərtəbəli bir ev ilə eyni hündürlükdə olan bir Milad ağacını bəzəmək xoş bir ənənəyə çevrilib. Milad ağacını yaxından görmək üçün hər il milyonlarla insan yolunu Nyu-Yorkdan salır. Onlar ağacın fonunda fotolar çəkdirir və göz oxşayan işıqları seyr edirlər.