Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Komanda meydana ruhsuz çıxmışdı"

Tarix: 16 Dekabr 2023 02:46

"Elmar müəllim özünü narahat hiss etdiyi üçün mətbuat konfransına mən qatıldım. Oyuna gəldikdə, həftə boyu futbolçuları nə qədər motivasiya etməyə çalışsaq da, göründü ki, komanda meydana ruhsuz çıxmışdı. Bu səbəbdən də oyunumuz alınmadı və məğlub olduq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov Misli Premyer Liqasının 17-ci turunda "Səbail"ə 0:3 hesabı ilə uduzuqları oyundan sonra təşkil edilən mətbuat konfransına deyib. 

O bildirib ki, futbolçular hər hansı bir problemləri olmadıqlarını söyləyirlər: "İstəyirik ki, komanda ilə daha sıx ünsiyyətdə olaq. Öyrənək ki, problemləri nədir. Oturub danışırıq, futbolçular deyir heç bir problem yoxdur. Biz də çalışırıq ki, qələbə qazanaq. Amma görünən odur ki, alınmır". 

X.Məmmədov növbəti turda "Sabah"la keçiriləcək matça da toxunub: "Qış fasiləsinə qədər cəmi 1 tur qalıb. "Sabah"la oyuna da çox ciddi hazırlaşacağıq. Əslində, bugünkü matça da yaxşı hazırlaşmışdıq. Amma meydanda istədiklərimizi görə bilmədik". 

"Qəbələ"nin məşqçisi Samuel Tettehin aldığı qırmızı vərəqəyə belə münasibət bildirib: "Komandanın turnir cədvəlində mövqeyi çox pisdir. Bu da futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir edir. Sanki küsgün kimidirlər. Hər xırda şeyə reaksiya verirlər, istər hakim olsun, istər rəqib futbolçu. Nəticədə də belə qırmızı vərəqə alırıq. Təbii ki, qırmızı vərəqələrə görə futbolçuları cəzalandırırıq. Yenə də cəzalandıracağıq. Çalışacağıq komandanı bu vəziyyətdən çıxardaq".

Milli.Az


Etiketlər:  Komanda meydana ruhsuz çıxmışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ