Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İzmirdə Filarmoniyanın “Gənclərə dəstək” layihəsi çərçivəsində “1 əsrlik yol…” adlı konsert keçirilib - FOTO

İzmirdə Filarmoniyanın “Gənclərə dəstək” layihəsi çərçivəsində “1 əsrlik yol…” adlı konsert keçirilib - FOTO

Tarix: 29 Dekabr 2023 19:45

2023 -cü ilin son günləri "Gənclərə dəstək" layihəsi üçün əlamətdar tədbirlər silsiləsi kimi tarixə yazıldı. Belə ki, mədəni siyasət, multikulturalizm məsələlərindən irəli gələrək təşkil edilən konsertlər Azərbaycan və Türkiyə mədəniyyətlərinin qovşağı, ulu öndər Heydər Əliyevin siyasətində incəsənətin rolu kimi məqamları da qarşıya çəkmiş oldu.

Bu ilin həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmli olması danılmazdır. Belə ki, Ümümmilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi eyni zamana təsadüf etmişdir. Odur ki, 28 dekabr tarixində Türkiyənin İzmir şəhərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində bu tarixi günlərə həsr olunmuş "1 əsrlik yol..." adlı konsert keçirilib.

Tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Ege Universiteti Dövlət Türk Musiqi Konservatoriyası tərəfindən təşkil olunmuşdur. Qeyd edək ki, "Gənclərə dəstək" layihəsi iştirakçıları adıçəkilən Konservatoriyada artıq ikinci ildir ki, çıxış edirlər.

Filarmoniyanın direktor müavini, "Gənclərə dəstək" layihəsinin koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə tamaşaçılara layihə haqqında geniş məlumat verib və eyni zamanda bayram münasibəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadənin təbriklərini çatdırıb.

Solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Camalə Abdinzadə (piano), Həmidə Adilova (viola), Aytac Kara (violin), Leyla Hüseynzadə (piano), Talıb İsgəndərli (bariton), və Kamran Talıblı (fleyta)  öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Azərbaycan, türk və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Konsertin sonunda təşkilatçılar iştirakçılara təşəkkürünü bildirib və onlara diplomlar təqdim etdilər.

Beləliklə, "1 əsrlik yol..." adlı konsert iştirakçılara ölkəmizin mədəniyyətini beynəlxalq səviyyədə təqdim etməyə və qardaş ölkənin milli mədəniyyəti ilə tanış olmağa imkan verdi. Vurğulanması vacib olan məqam ondan ibarətdir ki, "Gənclərə dəstək" layihəsi 8 ildir ki, fəaliyyət göstərir və onun beynəlxalq miqyasda tanınması və mədəniyyətimizi beynəlxalq miqyasda təbliği çox qürurvericidir. Bu layihə çərçivəsində gənclər Almaniya, Türkiyə, Gürcüstan və s. kimi ölkələrdə çıxış edərək musiqimizi dəfələrlə təmsil etmişlər.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

Milli.Az


Etiketlər:  İzmirdə Filarmoniyanın Gənclərə dəstək layihəsi çərçivəsində 1 əsrlik yol adlı konsert keçirilib FOTO


RƏYLƏR