Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 00:30
Dua sağalma prosesini tezləşdirirRəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər" (Mumin, 60).
"Dua etmək" sözünü "çağırmaq, yalvarmaq, yaxarmaq, kömək və yardım istəmək" kimi sözlərlə ifadə etmək olar. Qurana görə, dua - insanın sidq ürəkdən, səmimi olaraq Allaha müraciəti, insanın özünün zəifliyini və Tanrının mərhəmətinə sonsuz ehtiyacını hiss etməsi, Rəhman və Rəhim olan Allaha kömək və dəstək üçün yalvarmasıdır. Xəstəlik zamanı insan başqa vaxt olduğundan daha aydın şəkildə özünün zəifliyini və köməksizliyini hiss edir.
Bu vaxt insan bütün qəlbi ilə və daha səmimi formada kömək xahişi ilə Allaha müraciət edir. Bundan başqa, xəstəlik - əvvəlcədən Allah tərəfindən yazılmış və özündə ilahi hikməti gizlədən böyük bir imtahandır. Xəstəlik - açıq bir ibrətdir ki, bununla Allah bizə dünya həyatının müvəqqəti olduğunu xatırladır. Belə ki, güclü imanı olan və Allaha təvəkkül edənlər üçün bu, gələcəkdə, əbədi həyatda mükafata səbəb ola bilər.
İmansız insanlar isə, xəstəliklə qarşılaşdıqları zaman cahilcəsinə hesab edirlər ki, onların müalicəsi sırf həkimlərdən, dərmanlardan və xəstəxanaların supermüasir texnoloci imkanlarından asılıdır. İmansız insan anlamaq iqtidarında deyil ki, onun bədəninin sağlamlıq zamanı normal funksiya göstərməsi, elə xəstəliklərin özü, onların orqanizmlərinin xəstəlikdən müalicə olunması, həkimlərin yazdıqları dərmanlar - hamısı Allah tərəfindən sonsuz mərhəməti və uca hikməti ilə yaradılmışdır.
Həqiqi iman sahibi olan insanlar isə təkcə həkim və dərman sayəsində sağalmağın mümkün olmadığını başa düşərək, dua ilə Yaradana üz tuturlar. Mömin insan belə vəziyyətdə başa düşür ki, Allah tərəfindən verilmiş bu imtahandan onu yalnız Allah özü xilas edə bilər, buna görə də kömək üçün yalnız Uca Allaha müraciət edir. Allah-Təala duada səmimi olmağın önəmini bütün möminlərə bu cür xatırladır:
"İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi" (Yunus, 12).
Halbuki sağlam olduqda da, həyatımızda heç bir problem və çətinlik olmadıqda da, Yaradana dua etməyi unutmamalıyıq. Axı Allah bizə həyatımızın hər anında saysız lütflər bəxş edir, həyatımızı davam etdirir, bizə əmin-amanlıq və sağlamlıq hissi verir və bütün bunlara görə biz bütün qəlbimizlə Ona minnətdar olmalı, heç vaxt Rəbbimizə duanı tərk etməməliyik.
Lakin bir xüsus da var: Sözlü dua ilə yanaşı, əməldə duanın da böyük anlamı və dəyəri vardır. Əməllə dua - insanın hansısa gözəl hədəfə çatmaq üçün səmimi olaraq əlindən gələn hər şeyi etməsi deməkdir.
Məsələn, insan xəstələndikdə Allahdan kömək istəyir, halbuki dua və Allahdan yardım istəməkdən başqa, xəstə yəqin ki, həm də həkim-mütəxəssisə müraciət etməli, dərman qəbul etməli, xəstəxanada müalicə kursu keçməli və ya öz sağlamlığına nəzarət etməlidir.
Çünki həyatımızda baş verən bütün hadisələr Allah tərəfindən əvvəlcədən yazılıb və onlar hamısı bir-biri ilə səbəb-nəticə əlaqəsi ilə əlaqələndirilmişdir. Yer üzündə və kainatda olan hər şey Uca Yaradan - Allah tərəfindən qoyulmuş qanun və sistem ilə mövcuddur.
Deməli, insan həmçinin səbəb-nəticə əlaqəsi qanununa riayət etməli və xəstələndikdə lazım olan tədbirləri görməlidir. Lakin əsla unutmaq olmaz ki, istənilən tədbir yalnız Uca Allahın əmri və iradəsi ilə təsir göstərir. Buna görə də, lazım olan bütün tədbirləri gördükdən sonra, Allaha təvəkkül etməli, səbirlə Allahın hökmünü gözləməliyik.
Allaha imanın və duanın xəstəyə olan müsbət təsiri və sağalma prosesini sürətləndirməsi faktı həkimlərin də diqqətini çəkmişdir və indi artıq həkimlər özləri duanın təsir qüvvəsindən danışırlar. Amerikanın məşhur informasiya curnalı "Newsweek" 10 noyabr 2003-cü il tarixli nömrəsinin mövzusunu "Allah və sağlamlıq: İman ən yaxşı dərmandırmı? Nə üçün elm Allaha iman etməyə başlayır?" adlı məqaləyə həsr etmişdir.
Məqalədə imanın insana olan təkzibedilməz təsirindən danışılır. Bildirilir ki, Allaha iman insanın əhval-ruhiyyəsini qaldırır və bununla da insanın cəld və daha yüngül sağalmasını mümkün edir.
Bu günkü elm təsdiq edir ki, imanlı insanlar Allaha imandan uzaq olan insanlara nisbətən daha az xəstələnir və kifayət qədər tez sağalırlar. Curnalda oxucuların anket sorğusu da keçirilmişdir.
Sorğunun nəticələrinə görə, oxucuların 72%-i qətiyyətlə inanırlar ki, insanın sağalması Allahın iradəsindən asılıdır və kömək üçün Allaha edilən dua xəstənin vəziyyətini yüngülləşdirir, onün bütün həyat eşqini və ümidlərini səfərbər edir, bu da ona daha qısa zamanda müvəffəqiyyətlə sağalma imkanı verir.
ABŞ və Böyük Britaniyada bu mövzuda maraqlı müşahidə aparılmışdır: mütəxəssislər yaxınlarının və qohumlarının onlar üçün daima dua etdikləri xəstələrin vəziyyətini müşahidə etmişlər və məlum olmuşdur ki, dua hətta ən ağır xəstələrdə ağrı hisslərini yüngülləşirir və onların xəstəlikdən sonrakı bərpa dövrü daha tez keçir.
ABŞ-ın Miçiqan Universitetinin tibb alimlərinin müşahidəsi göstərmişdir ki, imanlı insanlarda depressiya və stress halları daha az olur. Çikaqonün (ABŞ) Raşa Universitetində aparılan müşahidələrə görə isə, dərindən iman etmiş və bütün dini ritualları və duaları icra edən insanlar arasında erkən ölüm halları Allahdan və imandan tamamilə uzaq olan insanlara nisbətən 25% aşağıdır.
Dyuka Universitetinin (ABŞ) tibb mütəxəssiləri isə uzun müddət ürəyində əməliyyat aparılmış 750 pasiyent üzərində müşahidə aparmış və sübut etmişlər ki, dua çox güclü müalicəvi gücə malikdir. Ürəyində əməliyyat aparılmış imanlı pasiyentlər arasında əməliyyatdan sonrakı bir neçə ildə ölüm halı başqa pasiyentlərə nisbətən 30% aşağı olmuşdur.
Sonda Bəqərə surəsindən sitat gətirmək istərdim. "Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər" (Bəqərə, 186).