Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 23:36
"Qarabağ"ın vingeri Adama Diakabi seçim qarşısındadır.
Fransalı yarımmüdafiəçi ya ölkə xaricində özünə yeni komanda tapmalı, ya da əvəzedici heyətin düşərgəsinə göndəriləcək.
Ona bununla bağlı xəbərdarlıq olunub.
27 yaşlı yarımmüdafiəçi hazırda Fransadadır. "Monako"nun yetirməsi yerli menecerlər vasitəsilə Liqa 2 təmsilçilərinə öz xidmətini təklif edib.
"Köhlən atlılar" Diakabini icarəyə verməyə razıdır. Gəl ki, onun son 6 ayda oyun praktikasından əziyyət çəkməsi Liqa 2 mənsublarının bu izdivaca ciddi marağını azaldıb.
Diakabinin "Qarabağ"a keçidi 2023-cü il yanvarın 13-də baş tutub və müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.
O, "Kann", "Renn", "Monako", "Haddersfild", "Nottingem Forest" və "Amyen"də, həmçinin Fransanın U-21 millisində oynayıb.
"Qarabağ" Adamanın adını Azərbaycan Premyer Liqası üçün sifariş etsə də, Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salmayıb.
Fransız bu müddətdə əsas komandanın düşərgəsində yer alıb, yeni ildən sonra isə bu, belə olmayacaq. Avropadan "əliboş" dönsə, minimum mayadək "dubl"un sıralarında yer alacaq.
Vəziyyətin belə hal alması Diakabinin dirənişi ilə əlaqədardır.
"Qarabağ" müəyyən təzminat qarşılığında kontraktı pozmağı təklif edib, razılaşmayıb. "Zirə"yə icarəyə verilməsinə qarşı çıxıb.
Halbuki Qurban Qurbanova bu transferə başından bəri müsbət yanaşırdı. Diakabini hələ ilyarım öncə öz sərəncamında görmək istəyirdi.
Gəl ki, xroniki zədələr və yaşadığı ailədaxili problemlər fransızın əsas komandada möhkəmlənməsinə mane oldu.
Üstəlik, psixoloji durumundakı gərginlik məsuliyyət hissini azaltdı, bir neçə dəfə intizamsız davranışına gətirib çıxardı./sportinfo.az