Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 10:15
Sonxeber.net 525-ci qəzetə istinadən Pərvanə Sultanovanın yazısını təqdim edir
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bir sıra mühüm mövzulara toxundu, ciddi mesajlar verdi. Bu mesajlardan çıxan nəticə budur ki, Azərbaycan dövləti öz doğru bildiyi yolda davam edəcək. Heç bir qüvvə onunla hədə-qorxu dili ilə danışa bilməz. Bu əminliyin səbəbi isə əlbəttə ki, haqlı olmağımızdır. Azərbaycana təzyiq göstərmək, hətta onunla təhdid dilində danışmaq istəyənlərə ən tutarlı cavab elə budur. Haqlı olmasaydıq, torpaqlarımızın 30 illik işğalına son qoyub, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edə bilməzdik.
Prezident İlham Əliyev müsahibə zamanı bu məqama toxunaraq aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var.
Azərbaycan torpaqlarının 30 illik işğalına, ərazilərimiz dağıdılaraq yerlə bir edilməsinə göz yumanlar İkinci Qarabağ müharibəsindən, xüsusilə lokal antiterror tədbirlərindən sonra müxtəlif vasitələrə əl ataraq Bakıya təzyiq göstərməyə çalışdılar. Müxtəlif beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə sənədlərin qəbuluna cəhd edən həmin qüvvələr hətta sanksiyalardan belə danışdılar. Səbəb də o idi ki, onların 30 il ərzində yerinə yetirmədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini Bakı özü icra etdi. İkincisi, Azərbaycan ərazisində separatizmin varlığına son qoydu. Hansı ki, Qərb özü separatizmlə mübarizə aparır. Deməli, separatizmlə bağlı da fərqli yanaşmanın olması Avropanın ikiüzlülüyünü göstərmiş oldu.
Dövlət başçısının daha bir mühüm açıqlaması isə Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılması ilə bağlı oldu. Prezident bəyan etdi ki, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər: "Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir".
Başqa bir önəmli məsələ isə bu yolun təhlükəsizliyi ilə bağlıdır. Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistanın qarantiyalarının bizə kifayət etmədiyini dəfələrlə bu ölkənin rəhbərliyinə deyib: "10 noyabr bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var. Biz, sadəcə olaraq, üç il gözləmişik, görəndə ki, bu alınmır, bizim başqa yolumuz qalmayıb. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi".
Ermənistanla sülh müqaviləsinə gəlincə, Prezident bəyan etdi ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bunun iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacağını vurğulayan dövlət başçısı deyib: "Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın".
Bakı dəfələrlə İrəvanla vasitəçisiz danışıqlar təklif edib. Çünki son proseslər göstərdi ki, Fransa kimi qüvvələr prosesi pozmaq, öz maraqlarını regionda təmin etməyə çalışırlar. Onların niyyəti sülh yox, pozuculuqdur. Lakin Azərbaycan bu güclərin hamısının mənfur planlarını neytrallaşdırmağı bacardı.
İctimaiyyəti maraqlandıran daha bir vacib detal əlbəttə ki, ölkəmizin hələ də işğal altında qalan 8 kəndi ilə bağlıdır. Prezident bu məsələnin daim gündəlikdə olduğunu bildirib: "Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən, Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin".
Dövlət başçısı bəyan edib ki, bu məsələdə Bakının təklifi çox məntiqlidir. Məlumdur ki, gələn ay Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilərin keçirilməsini zəruri edən səbəblər barədə siyasətçilər, ekspertlər tərəfindən müəyyən arqumentlər səsləndirilib. Dövlət başçısı müsahibə zamanı bunun əsas səbəblərini açıqlayıb. Bildirib ki, birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir.
İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək: Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır.
Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur".
Beləliklə, demək olar ki, seçkilərdən sonra Azərbaycan üçün yeni bir dövr başlayır və bu dövrün yeni hədəfləri olmalıdır. Prezidentin vurğuladığı kimi, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə bildirib ki, Prezident müsahibəsində Azərbaycanın bu günü, gələcəyi, xüsusilə də Qarabağda baş verən proseslərlə bağlı çox vacib məqamlara toxundu: "Eyni zamanda Azərbaycanın gələcəyi ilə bağlı dövlətçiliyimizin, müstəqilliyimizin güclənməsi, təhdidlərdən xilas olma və s. istiqamətdə çox önəmli məsələlər müzakirə olundu. Əlbəttə, insanlarımızı düşündürən bir çox məsələ var. Onların müəyyən bir hissəsi Qarabağdakı proseslər, Ermənistanın törətdiyi təxribatlar, sülh müqaviləsi kimi məsələlər idi. Cənab Prezident bu dəfə çox dəqiq və açıq mesajlar verdi. Həm sülh müqaviləsinin imzalanması ilə bağlı, həm delimitasiya, demarkasiya kimi məsələlərlə bağlı".
C.Məmmədov əlavə edib ki, qarşıdan Prezident seçkiləri gəlir: "Hesab edirəm ki, cənab Prezident bu seçkilərlə bağlı görüləcək işlər və atılacaq addımlara çox geniş və ətraflı şəkildə yer verdi. Eyni zamanda Azərbaycanın enerji layihələri, Qərblə münasibətləri və bu istiqamətdə görülən işlər, ölkəmizə qarşı törədilən təxribatlar, Fransanın Azərbaycanla bağlı addımları və digər məsələlərin ətrafında çox yaxşı bir müzakirə aparıldı. Hesab edirəm ki, belə bir müsahibənin verilməsinə ehtiyac var idi. Çünki insanları düşündürən bəzi suallar mövcud idi. Həmin sualların mütləq əksəriyyətinə cavab verildi. Bu müsahibə bir daha onu göstərdi ki, İlham Əliyev ölkəmizin üzləşdiyi problemləri də, onların həlli yollarını da çox dərindən bilir. Azərbaycanın daha güclü təməllər üzərində qurulması, dövlətçiliyin gücləndirilməsi istiqamətində addımlarla bağlı çox dəqiq və konkret planları var. Bu mənada müsahibə xüsusi önəm daşıyır. Bu müsahibə həm də Azərbaycanın gələcək inkişafı ilə bağlı bir çox konturları müəyyənləşdirən, cızan, ciddi mesajları özündə ehtiva edirdi".
Deputat Vüqar İskəndərov isə deyib ki, Azərbaycanın həyata keçirdiyi siyasət dövlətimizin və xalqımızın milli maraqlarına xidmət edir: "Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bizə tarixi uğurlar bəxş edib. Elə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər də öz gücünü məhz bu siyasətdən alır.
Zaman-zaman bəlli xarici güclər, xüsusilə də ermənipərəst mərkəzlər bizi bu müstəqil, xalqın və dövlətin milli milli maraqlarına xidmət edən siyasətdən çəkindirmək üçün cəhdlər edib, təzyiqlər göstəriblər. Lakin bu cəhdlər iflasa uğraylb. Çünki dəfələrlə sübut olunub ki, Azərbaycanla təzyiq, hədə-qorxu dili ilə danışmaq faydasızdır. Cənab Prezident İlham Əliyev bunu dəfələrlə bəyan edib. Dövlət başçısı elə yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məqama növbəti dəfə toxunub. Cənab Prezident deyib ki, "İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik.
Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib ki, "Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil". Hesab edirəm ki, sözügedən müsahibədə bu məqama toxunulması heç də təsadüfi deyil. Eyni zamanda, bu, hələ də Azərbaycanla təzyiq dili ilə danışmaq istəyən bəlli xarici güclərə növbəti xəbərdarlıq olmalıdır".
V.İskəndərov onu da vurğulayıb ki, bu gün Azərbaycana yersiz və əsasız təzyiq etmək istəyənlər nə qədər ki, gec deyil, bu bəd əməllərindən əl çəkməlidirlər. Əks təqdirdə uduzan yenə də onlar olacaq.