Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2024 21:40
İrəvan yeni siyasi mövsümü qeyri-müəyyən bəyanatlarla açıb. Baş nazir Paşinyan bu dəfə Zəngəzur dəhlizini müzakirəyə çıxarıb.
Sonxeber.net konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Naxçıvanla quru sərhədlərin açılmasına toxunub və bunun hansı şərtlər altında həyata keçiriləcəyini deyib: "Noyabrın 10-da qəbul edilən üçtərəfli bəyanatda heç bir yerdə qeyd olunmayıb ki, biz Zəngəzur dəhlizini açmalıyıq. Kimsə bu sənəddə belə bir bənd tapsa, ona pul mükafatı vəd edirəm. Həmin sənəddə belə bir bənd yoxdur".
Ermənistan hökumətinin başçısı həmçinin qeyd edib ki, dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsi reallığa uyğun gəlmir.
Paşinyan Zəngəzur dəhlizi mövzusunda yeni qənaətləri ilə nəyə eyham vurur və nəyə nail olmağa çalışır?
Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin elmi işçisi Stanislav Mitraxoviç bildirib ki, Paşinyan bununla Rusiyaya müstəqil olduğunu nümayiş etdirməyə çalışır. Amma 10 noyabrda üzərinə götürdüyü öhdəliyi unudur:
"O, Zəngəzur dəhlizi ilə bağlı əsas qərarın özündən asılı olduğunu vurğulamağa çalışır. Bu, Paşinyanın açıq-aşkar Rusiyadan uzaqlaşmaq, ondan asılı olmadığını göstərmək istəyi kimi görünür. Baxmayaraq ki, həm hərbi-strateji, həm də iqtisadi nöqteyi-nəzərdən Ermənistanın Rusiya ilə maksimum əməkdaşlığa sadiq qalması rasional olardı".
Onun fikrincə, baş nazir Paşinyanın məntiqini anlamaq çətindir:
"İrəvan üçün hərbi eskalasiya riskinin artacağı təqdirdə Ermənistan kimə müraciət edəcək? ABŞ və Fransanın Ermənistanın regionda təhlükəsizliyi ilə bağlı məsələlərinə qərar verməsini təsəvvür etmək mənim üçün çətindir. Moskvadan başqa Ermənistanın regionda real müttəfiqləri yoxdur, ona görə də Paşinyan, nəhayət, siyasi kurs barədə qərar verməzdən əvvəl yaxşı düşünməlidir".
Rusiyalı digər ekspert Vladislav Gerdin isə bildirib ki, hər kəs Paşinyanın absurd bəyanatlar verməkdə və razılaşmaları yenidən şərh etməkdə usta olmasına öyrənib:
"Bu bəyanatların arxasında İrəvanın Zəngəzur dəhlizində üstünlük əldə etmək istəy dayanır. Çünki deyilənlərin hamısı açıq şəkildə tərəflərin maraqlarını pozmağa, onları müzakirəyə məcbur etməyə yönəlib. Amma fakt budur ki, Paşinyan artıq bir neçə ildir ki, bu polemikayla yaşayır, siyasi korluq nümayiş etdirir. Həqiqət budur ki, İran və Azərbaycan alternativ marşrut haqqında razılığa gəldikdən sonra Ermənistan ehtimal olunan üstünlüklərin bir qismini itirib. İnvestorların Ermənistanla və onun "dünyanın kəsişməsi" kimi absurd layihələrinə inamı hər gün azalır. Ermənistanın mövqeyinin əhəmiyyəti hər saat ucuzlaşır. Paşinyan uzun-uzadı və bəzən təxribat xarakterli bəyanatlar verməkdənsə, təcili oyanıb yaşadığı "illüziyalar aləmindən" çıxmalıdır. Əks halda yaxın gələcəkdə vəziyyət tam əksinə dəyişəcək. O zaman İrəvan Rusiyaya yalvaracaq. Ermənistanın Zəngəzur dəhlizinin açılamasına qeyd-şərtsiz razı olmaqdan başqa çarəsi qalmayıb".