Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərakeş qəzeti Azərbaycan haqqında məqalə dərc etdi

Mərakeş qəzeti Azərbaycan haqqında məqalə dərc etdi

Tarix: 1 Fevral 2024 18:18

Mərakeşin müstəqil "La Vie Éco" qəzeti Prezident İlham Əliyevin vəzifədə olduğu 20 il ərzində Azərbaycanın nailiyyətləri haqqında məqalə dərc edib.

"2024-cü il fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. 2023-cü ilin sentyabr ayında keçirilən və təqribən 30 illik erməni işğalına son qoyan antiterror tədbirləri nəticəsində ərazi bütövlüyü və suverenlik tam bərpa olduqdan sonra ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu tarixi Prezident seçkilərində yeddi namizəd iştirak edəcək.

2023-cü ildə Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsinə gəlməsinin 20 ili tamam oldu. 2003-cü illə müqayisədə Azərbaycan misilsiz inkişaf yüksəkliklərinə nail olmaqla Cənubi Qafqaz regionda liderə və təkcə regional məsələlərdə deyil, həm də dünya siyasətində mühüm oyunçuya çevrildi", - məqalədə deyilir.

Materialda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı təkcə dünyanın ən iqtisadiyyatı olaraq tanınmayıb, həm də ölkə müasir qlobal dəyərlər çərçivəsində daha sürətli inkişaf edən dövlət imici qazanıb.

"Dünya praktikasında cəmi 30 illik müstəqillik dövründə bu cür miqyaslı uğur qazanan ölkə nümunəsi çox azdır. 2003-cü ildən ölkə sosial-iqtisadi inkişafın yeni modelinə keçidə başlayıb. Bu model çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlbi üçün əlverişli şəraitin yaradılması və sosial problemlərin həlli üzrə sürətli addımlar atılıb. Son 20 il ərzində atılan ardıcıl tədbirlər sayəsində ölkədə yoxsulluq səviyyəsi təqribən 44,7 faizdən 5,2 faizə düşüb, real ümumdaxili məhsulun (ÜDM) həcmi 3,6 dəfə, nominal ÜDM-in həcmi isə 17,2 dəfə artıb", - məqalədə deyilir.

Müəlliflər həmçinin qeyd edir ki, son 20 il ərzində Azərbaycanın təşəbbüs göstərdiyi və bu gün təkcə Cənubi Qafqazın deyil, həm də qonşu regionların inkişafına mühüm töhfə verən tərəfdaşları ilə birgə reallaşdırılan bir sıra irimiqyaslı layihə həyata keçirilib.

"Bu layihələrə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası və istismara verilməsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol üstlənən nəhəng Cənub Qaz Dəhlizi layihəsi daxildir. Həmçinin nəqliyyat sahəsində iki meqa layihəni qeyd etmək lazımdır: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi üzərində iş. Əlavə etmək lazımdır ki, Azərbaycan hazırda Çindən Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya uzanan Orta Dəhliz layihəsini təşviq edir və bu layihə böyük geosiyasi regionda iqtisadi əlaqələrin və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə mühüm töhfə verəcək. BMT-nin 2022-ci ildə təqdim olunan dayanıqlı inkişaf haqqında Hesabatında Azərbaycan regionda dayanıqlı inkişaf məqsədlərinin icrasına görə ən yaxşı nəticə nümayiş etdirməklə 163 ölkə arasında 50-ci yeri tutub", - materialda deyilir.

Müəlliflər vurğulayır ki, məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində və beynəlxalq ictimaiyyətin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirakına böyük hörmətinin əlaməti olaraq, 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP29) Azərbaycanda keçirilməsi barədə yekdilliklə qərar qəbul olundu.

"Beləliklə, Azərbaycan dayanıqlı inkişaf məqsədlərinin dəstəklənməsinə və müasir dövrün daha aktual problemlərinin həllinə mühüm töhfə verəcək, eləcə də dünya ictimaiyyətinin diqqətini regional ekoloji problemlərə yönəldəcək. İqlim dəyişmələri ilə mübarizə ilə bağlı qlobal kontekstdə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi məqsədilə Prezident İlham ƏIiyev 2024-cü ili Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edib", - məqalədə deyilir.


Etiketlər:  Mərakeş qəzeti Azərbaycan haqqında məqalə dərc etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ