Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 19:24
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak edən tələbələrlə görüş keçirilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ rektoru bildirib ki, 2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.
Builki yarışın 12 Noyabr - Konstitusiya Gününün qeyd olunduğu tarixdə keçirildiyini vurğulayan rektor bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ilin məhz bu gününə təsadüf edir.
Ceyhun Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirildiyini vurğulayıb.
Gənclərin hər bir xalqın, dövlətin gələcəyi olduğunu vurğulayan rektor onlara öz tövsiyələrini verib. Bildirib ki, belə yarışlar gələcəkdə bilikli və bacarıqlı mütəxəssislər kimi fəaliyyət göstərməyinizə, öz karyeranızda uğur qazanmağınıza kömək edəcək.
Rektor tələbələri İnstitutun ictimai və sosial həyatında yaxından iştirak etməyə, ali məktəbdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının işində, ölkədə həyata keçirilən könüllülük fəaliyyətində aktiv olmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə səsləyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin