Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazpəri Dostəliyeva: "Qardaşım oxumağıma qətiyyən razı deyildi"

Nazpəri Dostəliyeva:

Tarix: 16 Fevral 2024 10:50

"Oxuduğum bir çox mahnılar məxsusi olaraq mənim üçün yazılıb. Sağ olsun bəstəkarlarımız, şairlərimiz. Bu gün müğənnilər həmin mahnıları ifa edirlər, amma demirlər ki, mahnılar mənə məxsusdur. Onların hər birinin maraqlı tarixçəsi var. Həyatımda sevincli, kədərli anlarım çox olub. Kədərimi nə qədər gizlətsəm də alınmırdı, bəstəkarlar da bunu görürdü. Hər musiqi ürəyimin səsidir. Heç vaxt nəyinsə, kiminsə xatirinə ifa etməmişəm. Bu mahnıları o qədər yaşamışam ki.."

Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva bildirib. O daha sonra əlavə edib.
 
"Mahnılara xələl gətirmək olmaz. Gənclər hər dəfə bizim mahnıları oxuyanda diqqətli olsunlar. Çünki o mahnılar bizim əzab-əziyyətimizlə ərsəyə gəlib. Mahnı elə-belədən yaranmır. Ona görə də qorxuruq ki, onlara xələl gələr. Gənclərə heç vaxt yox demirəm. Amma istəyirəm ki, gənclər bu mahnıları sevərəkdən, ürəkdən oxusunlar. Müəllif hüququnu tapdalamasınlar" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, o illərdə qadınların müğənni olmasını birmənalı qarşılamayanlar var idi:
"Qardaşım oxumağıma qətiyyən razı deyildi. Valideynlərim qohum toylarında, yığıncaqlarında məni oxutdurmaq istəyirdilər, amma qardaşım deyirdi ki, olmaz. Atam istəmirdi ki, bizim aramızda söz-söhbət olsun. Fikirləşirdim ki, ailə həyatı qursam qardaşım qarışmaz. Ailə həyatımdan sonra da qardaşım mane olurdu. Atam deyirdi ki, onun ustadı mənəm, Nazpəri oxuyacaq. O vaxtı ilk qadın toylarına getməyə başladım. Bəzən bu gün də yaxınlaşıb deyirlər ki, "Nazpəri xanım, siz mənim toyumda oxumusunuz". Bütün bu sözlər məni o qədər xoşbəxt edir ki" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Nazpəri Dostəliyeva Qardaşım oxumağıma qətiyyən razı deyildi


RƏYLƏR