Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 14:40
Türkiyə ilə Misir arasında münasibətlərin normallaşdığı bir vaxtda Rusiya da Liviyada aktivləşməyə başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə türkiyəli jurnalist Hüseyn Akif Küçükal öz məqaləsində bildirib.
O qeyd edib ki, Rusiyanın yaratdığı "Afrika korpusu" Haftarın nəzarətində olan Tobruqa 40 ədəd T-72 tankı göndərib:
"Rus muzdluların bölgədə hərbi baza yaratması ilə bağlı məlumatlar yayılır. Xatırlatmaq istərdim ki, Liviyada Rusiyanın 800-1000 arası hərbçisi mövcuddur. Ruslar Mərkəzi Afrika başda olmaqla, Afrikadakı digər müttəfiqlərinə Liviyadan köməklik göstərir. Bildiyiniz kimi, Qərb Rusiyaya qarşı Ukraynanı demək olar ki, tək qoyub. Bu da Moskvaya digər strateji bölgələrdə daha rahat addım atmağa imkan verir. Rusiya Liviyanın şərq hissəsini Afrikadakı hökmranlığını genişləndirmək üçün bir pillə kimi görür. Tobruqda inşa ediləcək baza Suriyadakı Tartus və Latakiya limanları ilə birlikdə Rusiyanın Aralıq dənizindəki varlığını gücləndirəcək bir addımdır. Onlar, şübhəsiz ki, əsrlər boyu davam edən "isti dənizlərə çıxmaq" siyasətində daimi uğur əldə etmək istəyirlər".
Jurnalist eyni zamanda bildirib ki, Rusiyanın yeganə dərdi Aralıq dənizi deyil:
"Qlobal güc rəqabətində "Afrika rəhbəri" adını qazanmaq üçün çox səy göstərirlər. Bu baxımdan Liviya Rusiyaya Afrikanın şimalında mövcudluğunu və təsirini artırmaqda yaxşı kömək edə bilər. Bundan əlavə Kremlin Qırmızı dənizdə hərbi dəniz bazası yaratmaq üçün Sudanla danışıqlar apardığını da unutmaq olmaz".