Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 12:00
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan iqtisadiyyatının imkan verdiyi çərçivədə Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq.
Trend-in məlumatına görə, bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" forumunda çıxış edən Baş Nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, insanların rifahının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri məşğulluğun inkişafıdır: “Burada da əsas məsələ ölkədə qadın sahibkarlığının artırılması ilə əlaqədardır. Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi dəstək verilir".
Baş Nazirin müavini qeyd edib ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlərin nəticəsidir:
"Mən artıq neçənci dəfədir ki, qadın sahibkarlığı ilə bağlı toplantıda iştirak edirəm. Azərbaycanda qadın sahibkarlığının daha da inkişaf etdiyini və iqtisadiyyat sahəsində də qadınların iştirakının şahidi oluram. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən islahatların mərkəzində insan amili durur. 2019-cu ildə Azərbaycanda 2 mərhələdə böyük islahatlar həyata keçirildi. Minimum əməkhaqları, pensiyalar ciddi şəkildə artırıldı. Təkcə əməkhaqları 20 faizdən 50 faizə qədər artırılıb.
Azərbaycan qadınları bütün sahələrdə kifayət qədər yüksək fəallıq göstərməyə hazırdırlar. İqtisadiyyatın bir çox sahələrində, səhiyyədə qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının artırılması Azərbaycan cəmiyyətinin demokratik potensialının gücləndirilməsinin vacib hissələrindən biridir. İkinci tərəfdən ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür. Bununla yanaşı, qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə ölkənin inkişafına töhfə verirlər".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin