Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millinin 297-ci sınağı: Evdə 30-cu, yoldaşlıq oyunlarında 40-cı qələbəyə doğru

Millinin 297-ci sınağı: Evdə 30-cu, yoldaşlıq oyunlarında 40-cı qələbəyə doğru

Tarix: 25 Mart 2024 20:40

Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığmamız Bolqarıstanla FİFA Series çərçivəsində baş tutacaq yoldaşlıq görüşündə qüvvəsini sınayır.

Bakıdakı matç komandamızın tarixində 297-ci sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 296 matça çıxıb.

Bu müddətdə 60 qələbə qazanan yığma 77 heç-heçəyə nail olub və 159 dəfə uduzub. Əvvəlki 296 qarşılaşmada 227 qol vuran futbolçularımız 488 top buraxıb.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma millinin 137-ci yoldaşlıq oyunu olacaq. Bunadək 136 belə matça çıxan komandamız 39 qələbə qazanıb.

Bolqarıstan üzərində qalibiyyət əldə edilsə, yoldaşlıq matçlarında yubiley - 40-cı uğur olacaq. 44 heç-heçə edən komanda 53 dəfə uduzub. 129 qol vuran yığma 170 top buraxıb.

Bu, Azərbaycan millisinin 110-cu ev oyunu olacaq. Doğma azarkeşlər önündə 29 qələbə qazanan yığma 30-cu uğur üçün meydana çıxacaq. 32 heç-heçə edən komanda 48 dəfə uduzub. Öz meydanında 98 qola imza atan komanda "100"ə yaxındır. Bunun üçün Bolqarıstanla görüşdə iki dəfə fərqlənmək kifayətdir. Bu, mümkün olsa, yubiley qolun sevinci yaşanacaq. Milli bu görüşlərdə 134 top buraxıb.

Yığma tarixində 57-ci dəfə rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Əvvəlki 56 oyunda 13 qələbə və 18 heç-heçəsi olan milli 31 dəfə uduzub. 42 qola imza atan komanda 69 top buraxıb.

Bolqarıstanla görüş Arif Əsədovun rəhbərliyi altında ikinci sınaqdır. Monqolustan üzərində 1:0 hesablı qələbə ilə debüt edən mütəxəssis yetirmələrini yenə ev matçına çıxaracaq.

Milli.Az


Etiketlər:  Millinin 297 ci sınağı Evdə 30 cu yoldaşlıq oyunlarında 40 qələbəyə doğru


RƏYLƏR