Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2024 07:52
Vaxtilə Azərbaycan çempionatlarında top qovmuş futbolçuların bir çoxu ölkəni tərk ediblər.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, 90-cı illərdən başlayan köç bu günə qədər davam etməkdədir.
Yaxın Şərqdən tutmuş Avropaya, ABŞ-dən tutmuş Avstraliyaya qədər - hər yerdə keçmiş azərbaycanlı futbolçulara rast gəlmək mümkündür.
Onların heç də hamısı uşaq yaşlarından sevib-seçdiyi sənətlə məşğul olmurlar. Böyük əksəriyyəti başqa sahələrdə çalışırlar.
İlham Məmmədov - "Turan", "Neftçi", "Kəpəz" kimi komandaların şərəfini qorumuş Azərbaycan millisinin sabiq üzvü 20 ildən artıqdır Almaniyada yaşayır. O, orada da futbol oynamağa imkan tapıb. Lakin artıq başqa sahədə fəaliyyət göstərir.
Yadigar və İmamyar Süleymanov qardaşları - "Kəpəz" azarkeşlərinin indiyə qədər xatırladığı qardaşlar "Şəmkir", "Küt-Nur", "Turan" kimi komandaların uğurları üçün tər töküblər. Onlar 2000-ci illərin əvvəllərində Rusiyaya üz tutaraq orada bizneslə məşğul olmağa başlayıblar.
Valeh Qafarov - "Neftçi", OİK kimi komandalarla yanaşı, Azərbaycanın gənclər və aşağı yaş qruplarından ibarət komandalarının şərəfini qoruyub. Uzun illərdir İsveçdə yaşayır, hazırda yerli klublardan birində qızlardan ibarət komandanı çalışdırır.
Yalçın Bağırov - İsveçdəki daha bir həmyerlimiz "Qarabağ"la İntertoto kubokunda mərhələ adlayan komandanın üzvüdür. "Makkabi" səddinin keçilməsi zamanı Bağırov ağdamlıların şərəfini qoruyurdu. "Fərid", "Dinamo", "Bakılı" kimi komandaların da şərəfini qorumuş hücumçu hazırda həm futbol menecerliyi, həm də kiçik bizneslə məşğul olur.
Elşən Qəmbərov - Azərbaycan millisinin sabiq üzvü Bakıda doğulsa da, karyerasının böyük hissəsi Rusiya və Özbəkistanda keçib. Uzun illərdir ABŞ-a köçüb, okeanın o tayında məşqçilik edir.
Emil və Mixael Kitelman qardaşları - Bakıda doğulan İsrail əsilli qardaşlar futbolun sirlərinə burada yiyələniblər. Uzun illər "Xəzər Universiteti", "Şəfa", "Bakılı", "Olimpik", "Masallı", "Muğan" kimi komandalarda top qovandan sonra ata yurduna - İsrailə köçüblər. İndi hər ikisi futboldan uzaq düşüb.
Elmar Xeyirov - U-21-in sabiq üzvü "İnter", "Simurq", "ABN Bərdə" kimi komandalarda top qovandan sonra Belarusa yollanıb. Bir müddət bu ölkədə çıxış edəndən sonra ABŞ-yə üz tutub. Hazırda ABŞ-də futboldan kənar sahədə fəaliyyət göstərir.
Elnur Qəmbərov - Futzal millimizin sabiq üzvüdür. Məşqçi kimi "Khazar İslands" (Xəzər adaları) komandasını çempion edəndən sonra futzalda üzləşdiyi haqsızlıqlara görə bu sahədən uzaqlaşıb, daha sonra ailəsini ilə Kanadaya köçüb. Torontoda yaşayan həmyerlimiz məşqçilik fəaliyyətini futzalda davam etdirir.
Nəbi Xanciqazov - "Şəfa", "Qarabağ", OİK, "Bakılı", "ANS Pivani", "MKT-Araz"da top dalınca qaçmış, Ukrayna "Niva"sında legioner həyatı yaşamış, U-21 millimizin şərəfini qorumuş yarımmüdafiəçi həyatını Almaniyada davam etdirir. Aşağı liqaların birində uşaq və yeniyetmələrə məşqçilik edir.
Mikayıl Yusifov - öz dövrünün istedadlı qapıçılarından hesab olunurdu. "Şəfa", OİK, "Xəzər Lənkəran", "Turan" kimi komandalarda oynamış, Karlos Alberto Torresin dönəmində Azərbaycan millisinə dəvət olunmuşdu. Uzun illərdir Almaniyada yaşayır və loqistika (yükdaşıma) şirkətində çalışır.
Ramil Sayadov - yaddaşlarda "kötük" ləqəbi ilə qalan cinah yarımmüdafiəçi 12 illik futbolçu karyerasını üç komandada - "Xəzər Universiteti", "İnter" və "Simurq"da keçirib. Sonuncularla ölkə çempionatının bürünc medalını qazanan Sayadov gənclər millisinə də dəvət olunub. 10 ilə yaxındır uzaq Avstraliyada yaşayır, qapı-pəncərə biznesi ilə məşğuldur.
Pərvin Paşayev - öz dönəminin ən istedadlı oyunçusu hesab olunurdu. Tənbəlliyi və üzləşdiyi bəzi haqsızlıqlar böyüməsini əngəlləyib. "Qəbələ", "Kəpəz", "Muğan" kimi komandalarda top qovub, Azərbaycanda bütün yaş qruplarından ibarət yığmalarına dəvət olunub. Üç ildir Polşada yaşayan sabiq futbolçu hazırda bu ölkədə bərbərlik edir.
Nicat Qurbanov hələ ki, gəmini tərk edən sonuncu mogikandır. "Neftçi", "Simurq", "Sumqayıt", "Zirə", "Kəpəz" kimi komandaların uğurları üçün tər tökmüş cinah yarımmüdafiəçi karyerasını başa vurandan sonra Futbolun İnkişaf Fondunda işləyirdi. Lakin ABŞ-dən gələn çağırış Nicatı ailəsi ilə birlikdə okeanı o tərəfə keçməyə məcbur etdi. Hazırda gəzir, istirahət edir, məqsədi futbol sahəsində çalışmaqdır.